ABŞ və İsraildən İrana MESAJ: “Bu, sadəcə TƏLİM deyil!”

Təhlil

04.02.2026 16:07

ABŞ və İsrail birgə hərbi təlimlər keçirib. Qeyd olunur ki, bu, Donald Trampın İrana hücum etmək təhdidləri, həmçinin İranın İsrailə və ABŞ-yə cavab zərbəsi endirmək təhdidləri ilə əlaqədar regional gərginlik fonunda baş verib.

Lakin İsrail hərbçiləri eskadrilyanın gəlişinin iki ölkənin strateji əməkdaşlığı çərçivəsində planlaşdırıldığını, adi bir hadisə olduğunu deyib.

Sual yaranır, sözügedən təlimlərin məqsədi nədir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Fuad Heydər deyib ki, ABŞ və İsrailin birgə keçirdiyi təlimlər, regionda İrana verilən xüsusi mesajdır:


"Təbii ki, biz bilirik ki, İsrail və İran arasında gərgin münasibətlər bu günün deyil, illərdir davam edən proseslərin nəticəsidir. Və İsrail-İran münasibətləri bu gün də davam edir".

Ekspert hesab edir ki, İsrail güclü ordusu və kəşfiyyatı ilə İrana qalib gələ bilər:

"İsrail kiçik bir ölkə olsa da, güclü və hegemon dövlətlərdən biridir. Əminliklə deyə bilərik ki, əgər bu müharibə baş verərsə, İsrail İrana qalib gələcək. Çünki İsrail dövlətinin gücünü və potensialını yaxşı bilirik. Eyni zamanda İsrailin kəşfiyyat və xüsusi xidmət orqanları hər yerdə fəaliyyət göstərir. Bunu birmənalı şəkildə bildirmək lazımdır".

Onun sözlərinə görə, ABŞ və İsrail arasında baş verən hərbi təlimlər bir tərəfdən mesaj olsa da, digər tərəfdən iki ölkə arasındakı münasibətlərin bərpası və əlaqələrin müsbət istiqamətdə inkişafını göstərir.

Analitik vurğulayıb ki, bu gün İranda baş verən etiraz aksiyaları və vətəndaş cəmiyyətinin İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə qarşı çıxması İranın demokratiyaya doğru addım atmaq istədiyini göstərir.

O, əlavə edib ki, ABŞ və İsrail İrandan nüvə silahlarını təhvil verməsini tələb edir:


"Bu proseslərdə ABŞ və İsraildən İrana mesaj da vardır. Amerikanın İrana mesajı, əslində, oradakı nüvə silahının aradan qaldırılmasıdır. Çünki orada nüvə silahı və nüvə bazası mövcuddur və buna tezliklə nail olunacağı gözlənilir. Son açıqlamalara görə, İran rəhbərliyi nüvə silahlarını verməyə hazır olduğunu bildirir və heç bir ölkəni nüvə silahları ilə təhdid etmədiklərini vurğulayır".

F.Heydər sonda qeyd edib ki, münasibətlər gərginləşərsə, ABŞ İrana qarşı xüsusi hərbi tədbirlərini görməyə davam edəcək.

Jalə Rövşən

TodayPress TV

tag: Fuad Heydər,Siyasi analitik,ABŞ,İsrail,Todaypress.tv,