“ABŞ və İsrail öz məqsədlərinə çatmaya bilər” – Politoloq
Təhlil
11.03.2026 22:41
“Yaxın Şərqdə mövcud vəziyyətin köklü şəkildə dəyişməsi üçün İran amili həlledici rol oynayır”.
Politoloq Abutalıb Səmədov bunu TodayPress TV-yə danışarkən bildirib.

O vurğulayıb ki, İsrail ilə Livan arasında əldə olunmuş atəşkəs razılaşmasına və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən, İsrail Livanın cənub hissəsini tərk etməli, “Hizbullah”ın əlində olan silahlar təhvil verilməli idi. Lakin sonradan hər iki tərəf bir-birini bu razılaşmanı icra etməməkdə və atəşkəsi pozmaqda günahlandırıb. İddia olunub ki, İsrail Livanın cənub hissəsini tərk etməyib, “Hizbullah” isə ən müasir silahlarla silahlanmaqda davam edir.
A. Səmədov vurğulayıb ki, bu proses fonunda İsrail əvvəlcə “Hizbullah”a qarşı hava əməliyyatları keçirib, daha sonra qurudan da təşkilatın mövqelərinə zərbələr endirib və hazırda quru əməliyyatları başlayıb.
Onun sözlərinə görə, İsrail rəhbərliyi “Hizbullah”ı sıradan çıxarmağa çalışır.
"İrana qarşı aparılan hərbi əməliyyatların əsas məqsədlərindən biri İranın proksi qüvvələrini, yəni İranın maliyyələşdirdiyi qruplaşmaları zəiflətməkdir. Burada söhbət həm HƏMAS-dan, həm “Hizbullah”dan, həm də Yəmən husilərindən gedir”, - deyə o bildirib.
Siyasi şərhçi hesab edir ki, bu qruplaşmaları tam məhv etmək o qədər də asan deyil. Politoloqun fikrincə, əgər vəziyyət bu şəkildə davam edərsə, ABŞ və İsrail öz məqsədlərinə çata bilməyə bilər və onların Yaxın Şərqdə görmək istədiyi dəyişikliklər baş verməz.

O qeyd edib ki, regionda ciddi dəyişikliklərin baş verməsi üçün ilk növbədə İran üzərində qələbə qazanılmalıdır. Onun fikrincə, İran müəyyən güzəştlərə məcbur edilmədən və hətta rejim dəyişmədən digər məqsədlərə çatmaq mümkün deyil.
Analitik əlavə edib ki, bu səbəbdən Yaxın Şərqdə yaxın zamanda böyük dəyişikliklərin baş verəcəyini gözləmək tezdir.
Aysel Mətləb
tag: İsrail,ABŞ,Hizbullah,HƏMAS,Abutalıb Səmədov,TodayPress TV,
