ABŞ Ticarət Palatası Bakıya niyə gəlib? “Məqsədimiz saziş imzalamaq deyil”
Təhlil
10.02.2026 14:46
"ABŞ Ticarət Palatasının nümayəndələrinin ölkəmizə səfəri, şübhəsiz ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında gələcəkdə daha geniş iqtisadi əməkdaşlıq sisteminin formalaşmasına və mövcud əlaqələrin daha da inkişaf etməsinə kömək edəcəkdir".
Bunu politoloq Elşad Mirbəşiroğlu ABŞ Ticarət Palatasının nümayəndələrinin ölkəmizə səfəri ilə bağlı TodayPress TV-yə danışarkən deyib.

Analitik qeyd edib ki, hər şeydən öncə Ticarət Palatasına üzv olan böyük şirkətlərin bir çoxunun artıq uzun illərdir Azərbaycan iqtisadiyyatında fəaliyyət göstərdiyini vurğulamaq lazımdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də ABŞ Ticarət Palatasının nümayəndələri ilə görüş zamanı qeyd edib.
O, diqqətə çatdırıb ki, Azərbaycan ixrac yönümlü istehsal və qeyri-neft sektoru ilə inkişaf edir:
"Sözsüz ki, digər böyük şirkətlərin də Azərbaycan iqtisadiyyatına yönəlməsi və sərmayə yatırması ölkə iqtisadiyyatına ciddi təsir göstərə bilər. Prezident İlham Əliyev ölkəmizdə iqtisadiyyatın hansı sahələrinin inkişaf etdirilməsinin prioritet olduğunu da açıqladı; yəni Azərbaycan əsasən ixrac yönümlü istehsalın gücləndirilməsini hədəfləyir. Cənab Prezident xüsusi olaraq vurğuladı ki, o, Nazirlər Kabinetinə nefti unutmamağı tapşırıb. Bu, qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni sənaye və istehsal sahələrinin yaradılmasının prioritet olduğunu göstərir".
Ekspertin fikrincə, ABŞ-dən gələn nümayəndələr üçün bu, bir yol xəritəsi rolunu oynayacaq:

"Prezident gələcəkdə Azərbaycanın hansı istiqamətlərdə daha çox əməkdaşlığa meylli olduğunu göstərmiş oldu. Azərbaycan üçün prioritet məsələlərdən biri istehlak mallarının xaricdən idxalının azaldılmasıdır. Belə olduqda ölkə iqtisadiyyatı xarici valyutaya asılılığını əhəmiyyətli dərəcədə azaldacaqdır".
E.Mirbəşiroğlu səfərin gələcək əməkdaşlığı gücləndirəcəyini diqqətə çatdırıb:
"Dünya bazarına çıxarılacaq və tez satılacaq məhsulların istehsalı, eləcə də infrastruktur quruculuğunun sürətlə həyata keçirilməsi ölkəmiz üçün prioritetdir. ABŞ Ticarət Palatasının yaranma tarixi təxminən 20 il olsa da, artıq Azərbaycandakı iqtisadi inkişaf barədə təsəvvürləri mövcuddur. Bu baxımdan nümayəndələrin ölkəmizə gəlməsi, bazarı yaxından müşahidə etməsi, perspektivli sahələri müəyyənləşdirməsi və Prezidentin onları istiqamətləndirməsi gələcəkdə əməkdaşlıq imkanlarını genişləndirəcəkdir".
Politoloqun qənaətincə, neft-qaz gəlirləri qeyri-neft sektorunun inkişafına yönələcək:

"Cənab Prezident həmçinin qeyd etdi ki, yüksək inkişaf səviyyəsinə çatmış ölkələrə diqqət yetirsək, görərik ki, onların neft-qaz potensialı ya zəifdir, ya da heç yoxdur, buna baxmayaraq onlar yüksək inkişaf səviyyəsinə nail olublar. Bizim də məqsədimiz neft-qaz kapitalını qeyri-neft iqtisadiyyatının inkişafına uğurla yönəltməkdir. Beynəlxalq iqtisadi əməkdaşlığı genişləndirdikcə, prioritet sahələrə daha iri həcmdə sərmayələri cəlb etdikcə, qeyri-neft sektorunu daha sürətlə inkişaf etdirəcək və dünya bazarında Azərbaycan brendlərini uğurla reallaşdıracağıq".
Qeyd edək ki, fevralın 9-da Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Jalə Rövşən
tag: Elşad Mirbəşiroğlu,Politoloq,ABŞ,Azərbaycan,Todaypress.tv,
