ABŞ-Tayvan silah müqaviləsi: Çinin cavabı nə olacaq?

Təhlil

07.02.2026 19:45

ABŞ Tayvanla böyük bir silah müqaviləsi hazırlayır.

Çin hakimiyyəti isə bunun ABŞ Prezidenti Donald Trampın aprel ayında ölkəyə səfərini təhlükəyə ata biləcəyi barədə xəbərdarlıq edib. 

Bəs Pekin Vaşinqtonun Tayvanla hərbi əməkdaşlığını artırmasına qarşı hansı diplomatik və ya siyasi addımları ata bilər?  

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə TodayPress TV-yə danışarkən bildirib ki, Pekinin cavabı birbaşa hərbi toqquşmadan daha çox diplomatik, siyasi və iqtisadi təzyiq mexanizmləri üzərində qurulacaq. 


Onun sözlərinə görə, ABŞ-nin Tayvanla böyük həcmli silah müqaviləsi hazırlaması Çin-ABŞ münasibətlərində onsuz da mövcud olan gərgin fonu daha da kəskinləşdirir. Pekinin bu addımı Ağ Ev lideri Donald Trampın planlaşdırılan səfəri üçün təhlükə kimi qiymətləndirməsi təsadüfi deyil. 

“Tayvan məsələsi Çin üçün sadəcə xarici siyasət mövzusu deyil, dövlət suverenliyinin və milli təhlükəsizliyin əsas sütunlarından biridir. Vaşinqtonun Tayvanla hərbi əməkdaşlığı genişləndirməsi Pekində qırmızı xətlərin aşılması kimi qəbul olunur”, - deyə analitik qeyd edib. 


Bağırzadənin fikrincə, Çinin mümkün reaksiyası birbaşa hərbi toqquşmadan çox, çoxşaxəli diplomatik və siyasi təzyiq strategiyası üzərində qurulacaq. O bildirib ki, Pekin ABŞ ilə açıq qarşıdurmanın nə regional sabitliyə, nə də Çin iqtisadiyyatının maraqlarına uyğun olduğunu yaxşı anlayır və buna görə də cavab addımları sərt ritorika ilə ölçülü praktik tədbirlərin kombinasiyası şəklində olacaq. 

Siyasi şərhçi qeyd edib ki, ilkin mərhələdə Çin diplomatik kanalları maksimum səviyyədə işə salacaq: 

“ABŞ-nin Pekindəki səfiri Xarici İşlər Nazirliyinə çağırıla, “vahid Çin” prinsipinin pozulması ilə bağlı kəskin etiraz notaları təqdim edilə bilər. Rəsmi bəyanatlarda Vaşinqtonun regionda sabitliyi pozduğu və Tayvanı təhlükəli addımlara təşviq etdiyi vurğulanacaq”.


Analitik hesab edir ki, diplomatik təzyiqlə paralel olaraq Çin hərbi-demonstrativ addımlara da əl ata bilər. Onun sözlərinə görə, Tayvan boğazında genişmiqyaslı hərbi təlimlərin keçirilməsi, Çin Hərbi Dəniz və Hava Qüvvələrinin aktivliyinin artırılması istisna olunmur. Burada məqsəd müharibəyə başlamaq deyil, ABŞ-yə Çinin eskalasiya imkanlarının nə qədər geniş olduğunu göstərməkdir. 

O əlavə edib ki, mühüm rıçaqlardan biri də iqtisadi müstəvidədir: 

“Pekin Tayvana silah satan ABŞ şirkətlərinə qarşı sanksiyalar tətbiq edə və onları Çin bazarından kənarlaşdıra bilər. Bu, rəsmi Vaşinqtondan daha çox ABŞ-nin biznes dairələrinə yönəlmiş mesaj olacaq”. 

Siyasi analitikin sözlərinə görə, Donald Trampın mümkün səfəri Pekin üçün əlavə siyasi alət rolunu oynayır. O qeyd edib ki, Çin səfəri tam ləğv etməkdən daha çox, onu şərtləndirmə taktikasına üstünlük verə bilər. Silah müqaviləsinin dondurulması və ya həcminin azaldılması qarşılığında Trampa yüksək səviyyəli qəbul, iqtisadi razılaşmalar və ticarət güzəştləri təklif oluna bilər. 

“Beynəlxalq müstəvidə də Çin ABŞ-ni regionda gərginliyi artıran tərəf kimi təqdim etməyə çalışacaq. BMT platformaları, ASEAN(Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) ölkələri və Avropa ilə dialoq vasitəsilə Vaşinqtonun Tayvan siyasətinə qarşı tənqidi mövqelərin gücləndirilməsi hədəflənə bilər”, - deyə Y. Bağırzadə sonda bildirib. 

Aysel Mətləb

TodayPress TV

tag: Yusif Bağırzadə,ABŞ,Tayvan,Çin,Todaypress.tv,