ABŞ İran qarşısında: Ərəblərdən ibarət 26 milyardlıq cəbhə qurur!
Təhlil
08.05.2026 12:36
ABŞ dövlət katibi Marko Rubio Yaxın Şərq ölkələrinə iri həcmli silah satışını təsdiqləyib.
“Bloomberg”ın məlumatına görə, Marko Rubio Bəhreyn, İsrail, Küveyt, Qətər və BƏƏ-yə ümumilikdə 25,8 milyard dollarlıq təcili silah satışına razılıq verib.
Əvvəlcə açıqlanan məbləğ 8,6 milyard dollar olsa da, sonradan paket təxminən üç dəfə artırılıb. Paketə çoxlu sayda “Patriot” hava hücumundan müdafiə raketləri daxildir.
Hörmüz boğazındakı gərginlikdən dərhal sonra belə bir qərarın verilməsi təsadüfi deyil. Satışın əsas məqsədi region ölkələrinin hava müdafiəsini gücləndirməkdir. Paketin əsasını təşkil edən "Patriot" sistemləri İranın ballistik raket və dron hücumlarına qarşı keçilməz "qalxan" yaratmağı hədəfləyir. Son vaxtlar Körfəz ölkələrinin müdafiə ehtiyatlarının azaldığını nəzərə alsaq, bu addım boşluqları doldurmaq üçün atılan təcili bir addımdır. Eyni zamanda, İsrail, BƏƏ, Bəhreyn və hətta İranla müəyyən əlaqələri olan Qətərin eyni vaxtda dəstəklənməsi, bölgədə İrana qarşı geniş bir hərbi blokun formalaşdığını göstərir. ABŞ rəhbərliyi bu satışı "təcili" statusu ilə reallaşdıraraq Konqresin uzunmüddətli bürokratik prosedurlarından yan keçib ki, bu da Ağ Evin bölgədəki vəziyyəti nə qədər ciddi və riskli hesab etdiyinin göstəricisidir.
Lakin reallığı da unutmaq olmaz. Silah paketinin dəyərinin üç dəfə artırılaraq 25 milyard dollardan çox olması böyük bir rəqəmdir, amma bu silahların istehsalı və çatdırılması illər çəkə bilər. ABŞ-nin istehsal gücü hazırda Ukrayna və İsrail kimi digər qaynar nöqtələrə də yönəldiyi üçün Yaxın Şərq ölkələri bu sistemləri bir müddət gözləməli olacaqlar.
Bu addım ABŞ-nin Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini təmin etmək üçün qurduğu böyük planın iqtisadi və hərbi dayağıdır. Əgər diplomatik yollar bağlansa, bu silahlar regional müdafiənin sütunu olacaq, diplomatiya davam edərsə, ABŞ-nin masadakı əlini gücləndirən ən böyük “kozır”a çevriləcək.
Qiymət Mahir
tag: ABŞ,Ərəb ölkələri,Silah,Satış,Todaypress.tv,
