ABŞ-Britaniya DÜŞMƏNÇİLİYİ genişlənir: Hərbi əməkdaşlıq dayandırılır?
Təhlil
20.02.2026 19:30
"Sky News" və "The Times"ın məlumatına görə Böyük Britaniya hələ ABŞ-yə öz hərbi bazalarından İrana qarşı hava hücumlarında istifadə etmək üçün icazə verməyib.

Bildirilib ki, Britaniya hökuməti ABŞ-nin Qlosterşirdəki Dieqo Qarsiya və RAF Ferforddakı birgə bazadan istifadə etmək üçün müraciətlərini təsdiqləməkdən çəkinir.
Mövcud müqavilələrə əsasən, Pentaqon bu obyektlərdən yalnız Londonun razılığı ilə hərbi əməliyyatlara başlaya bilər. Bildirilir ki, gecikmənin əsas səbəbi Britaniyanın belə bir missiyanın beynəlxalq hüququ poza biləcəyi ilə bağlı narahatlıqlarıdır.
Bu təmkinliliyə görə ABŞ Prezidenti Donald Tramp Britaniyanın Baş naziri Kir Starmeri tənqid edib və Çaqos adalarının Mavrikiyaya verilməsi ilə bağlı razılaşmanı təsdiqləməkdən imtina edib.
![]()
Maraqlıdır, bu məsələ Britaniya-ABŞ münasibətlərinə necə təsir edəcək? Tramp hansı addımları ata bilər?
Məsələ ilə bağlı TodayPress TV-də danışan Azərbaycan Ümid Partiyasının idarə heyətinin üzvü, politoloq Anar İsayev bu məsələnin Britaniya–ABŞ münasibətlərində taktiki gərginlik yarada biləcəyini, lakin strateji qırılma ehtimalının çox aşağı olduğunu bildirib:

“Dieqo Qarsiya (Çaqos adaları) və RAF Ferforddakı obyektlər ABŞ-nin istifadəsində olsa da, suverenlik Böyük Britaniyaya məxsusdur. Müqaviləyə əsasən, ABŞ bu bazalardan hər hansı hücum xarakterli əməliyyat həyata keçirmək istədikdə mütləq Londonun razılığını almalıdır. Xüsusilə əgər belə bir əməliyyat BMT mandatı olmadan baş tutarsa, Britaniya hökuməti burada beynəlxalq hüquq riski görür. Starmer hökuməti də hüquqi legitimlik məsələsinə xüsusilə həssas yanaşır”.
Ekspertin fikrincə, qısa müddətdə siyasi gərginlik mümkündür:
“Diplomatik ritorika sərtləşə bilər. ABŞ administrasiyası Britaniyanı “etibarlı tərəfdaş olmamaqda” ittiham edə bilər. Müdafiə sahəsində koordinasiya müvəqqəti zəifləyə bilər. Orta və uzun müddətdə isə NATO çərçivəsində əməkdaşlıq davam edəcək. Kəşfiyyat mübadiləsi dayanmayacaq. Strateji tərəfdaşlıq tam pozulmayacaq. ABŞ–Britaniya münasibətləri “xüsusi münasibətlər” formatındadır və bir bazanın istifadəsi ilə dağılan ittifaq deyil”.

Anar İsayev Trampın daha çox siyasi ritorika və diplomatik təzyiq alətlərindən istifadə edə biləcəyini diqqətə çatdırıb:
“Açıq tənqidlər səsləndirə, müdafiə xərclərinin artırılması ilə bağlı təzyiq göstərə, Çaqos adalarının Mavrikiyaya verilməsi məsələsində veto tətbiq edə bilər. Həmçinin “ənənəvi” metoddan istifadə edərək iqtisadi təzyiq rıçaqlarını işə sala bilər. Məsələn, ticarət danışıqlarını ləngidə və ya gömrük tarifləri ilə təzyiq göstərə bilər”.
Analitik sonda qeyd edib ki, ABŞ-nin Britaniyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməsi və ya hərbi əməkdaşlığı dayandırması real görünmür.
Qiymət Mahir
tag: ABŞ,İran,Silah,Britaniya,Todaypress.tv,
