ABŞ Belarusu Vaşinqtona buraxmadı: Minskdən cavab gecikmədi…
Təhlil
20.02.2026 16:13
ABŞ "Sülh Şurası"ndakı Belarus nümayəndə heyətinə viza verməkdən imtina edib.
Belarusun Xarici İşlər Nazirliyi bəyan edib ki, təşkilatçılar tərəfindən hətta protokol qaydalarına riayət edilmədiyi üçün hansısa əməkdaşlıq və sülhdən danışmaq yersizdir. Maraqlıdır, bununla Belarusa hansı mesaj verilib?
Sözügedən mövzunu politoloq Züriyə Qarayeva TodayPress TV-yə şərh edib.

Analitik qeyd edib ki, bu qərar ABŞ–Belarus siyasi gərginliyinin göstəricisidir:
"ABŞ-nin "Sülh Şurası" çərçivəsində Belarus nümayəndə heyətinə viza verməməsi ilk növbədə Vaşinqton–Minsk münasibətlərində mövcud olan siyasi gərginliyin davamı kimi qiymətləndirilə bilər. İki ölkə arasında son illərdə insan haqları, sanksiyalar və geosiyasi mövqe məsələləri fonunda ciddi ziddiyyətlər formalaşıb. Amerika belə platformalarda iştirak məsələsini təkcə texniki və ya protokol çərçivəsində deyil, siyasi kontekst daxilində dəyərləndirir. Bu addım həm də mesaj xarakteri daşıya bilər: Vaşinqton müəyyən ölkələrin legitimlik və davranış standartları ilə bağlı öz mövqeyini dəyişməyib və bunu beynəlxalq tədbirlərdə də nümayiş etdirir".
Politoloq əlavə edib ki, bu, siyasi etimadsızlığı artırır:
"Belə addımlar adətən tam diplomatik qırılma ilə nəticələnmir, lakin dialoq kanallarını daha da məhdudlaşdırır. Qısamüddətli perspektivdə münasibətlərdə gərginliyin davam etməsi gözləniləndir, uzunmüddətli perspektivdə isə tərəflərin geosiyasi maraqları hansısa mərhələdə yenidən təmas zərurəti yarada bilər".
Qeyd edək ki, fevralın 19-da Vaşinqtonda "Sülh Şurası"nın ilk iclası keçirilib.
Jalə Rövşən
tag: Züriyə Qarayeva,politoloq ,ABŞ ,Belarus ,Todaypress.tv,
