ABŞ bayrağı altında İNSİDENT: Təhlükəsizlik riskləri artacaq – RƏY

Təhlil

26.02.2026 22:09

Amerika bayrağı altında üzən kater Kuba sularına daxil olaraq sərhədçilərə atəş açıb, nəticədə 4 nəfər ölüb. 


Hadisə, ABŞ ilə Kuba arasında gərginliyin artması fonunda baş verib. 

Maraqlıdır, insident regionda hansı siyasi reaksiyalara səbəb ola bilər?

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov TodayPress TV-yə danışarkən bildirib ki, bu, təkcə sərhəd hadisəsi deyil.


“Bunu ölkədə dərinləşən yanacaq böhranı və ABŞ-nin Venesueladan adaya neft daşınmalarını dayandırması fonunda qiymətləndirmək lazımdır. Hadisə ABŞ-Kuba münasibətlərində gərginliyin artmasına birbaşa təsir göstərir və Havana diplomatik kanallar vasitəsilə məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışacaq. Vaşinqton isə hadisənin təxribat, səhv və ya qeyri-qanuni hərəkət olub-olmadığını araşdıraraq cavab strategiyası formalaşdırmalı olacaq. Bu isə diplomatik dialoq kanallarının daha da sərtləşməsi ehtimalını artırır", - deyə analitik izah edib.

Ekspert vurğulayıb ki, Kubada enerji resurslarının məhdudluğu sosial narazılığı gücləndirir və hökumətin reaksiyalarına təsir göstərir. ABŞ-nin Venesueladan neft daşınmalarını dayandırması böhranı dərinləşdirib və regionda strateji balansı dəyişdirib.


R. Bayramov qeyd edib ki, hadisə digər regional aktorlar üçün də əhəmiyyətlidir:

"Meksika və Argentina kimi Latın Amerikası ölkələri mümkün vasitəçilik rolunu nəzərdən keçirə bilər. Karib hövzəsi dövlətləri isə təhlükəsizlik risklərinin artmasını iqtisadi və turizm maraqları baxımından diqqətlə izləyəcək".

Politoloqun qənaətincə, sərhəd insidenti ilə enerji böhranının üst-üstə düşməsi regionda təhlükəsizlik risklərini artıra, hərbi monitorinq və sərhəd reaksiyalarını gücləndirə bilər. Bu baxımdan hadisə geosiyasi balans və enerji təhlükəsizliyi üçün ciddi xəbərdarlıq siqnalı kimi qiymətləndirilir.

Aysel Mətləb

TodayPress TV

tag: Kuba,ABŞ,Venesuela,Neft,Gəmi,Rəşad Bayramov,Todaypress.tv,