ABŞ Azərbaycana nə vaxt səfir təyin edəcək? – AÇIQLAMA
Təhlil
04.03.2026 16:41
Böyük Britaniya Dunkan Normanı Azərbaycana yeni səfir təyin edib.
Bəllidir ki, ABŞ-nin Bakıdakı səfir postu Donald Tramp hakimiyyətə qayıdandan - ikinci ildir boşdur.
Bəs Birləşmiş Ştatlar nə vaxt hərəkətə keçəcək? Təyinatın gecikməsinə səbəb nə ola bilər?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin Beynəlxalq Məsələlər üzrə müavini Elşən Mustafayev ABŞ-nin Azərbaycana iki ildən artıqdır, səfir təyin etməməsi ilə bağlı bu günə qədər rəsmi şəkildə münasibət bildirilmədiyini diqqətə çatdırıb.

Eyni zamanda o, Azərbaycan Xarici İşlər Nazirliyinin də vəziyyətin səbəblərinə dair açıqlamasını eşitmədiyini deyib:
“İstənilən halda, bu günə qədər səfir təyin edilməməsinin müəyyən səbəbləri var, amma bunun nə ilə və kiminlə bağlı olduğu barədə fikir bildirmək çətindir. Artıq bir ildir ki, Donald Tramp rəsmi şəkildə prezident səlahiyyətlərinin icrasına başlayıb. Bu müddət ərzində o, Azərbaycanla bağlı müsbət fikirlər səsləndirib, Azərbaycan Prezidenti ilə dəfələrlə görüşüb, ən nəhayət, ABŞ vitse-prezident Ceyms Devid Vens Bakıya səfər edib və uğurlu danışıqlar aparıb. Belə bir şəraitdə ölkəyə fövqəladə və səlahiyyətli səfirin hələ də təyin olunmaması müəyyən təəccüb doğurur”.
Ekspert izah edib ki, ABŞ-Azərbaycan arasında diplomatik münasibətlərin tarixinə baxdıqda, ölkəmizə səfir təyin olunması ilə bağlı yalnız bir dəfə problem yaşanıb:

“2010-cu ildə sabiq Prezident Barak Obama Metyu Brayzanı Azərbaycana səfir təyin edərək təsdiq üçün Konqresə göndərmişdi. Lakin Konqresdə erməni lobbisinin başlatdığı kampaniya nəticəsində səfir namizədin təsdiqi baş tutmamışdı. Konqresdə yaranan bu problem altı aydan çox davam etmişdi və həmin dövrdə də Azərbaycanda ABŞ səfiri yox idi. Nəticədə Barak Obama Konqresin sessiyalararası dövründə Nümayəndələr Palatasının razılığı olmadan Metyu Brayzanı 2010-cu ildə səfir təyin etdi. Yeri gəlmişkən, ABŞ Prezidentinin müəyyən hallarda belə bir səlahiyyəti var. Lakin bugünkü proseslərə qiymət vermək üçün hər hansı ilkin fikir bildirmək belə çətindir”.
Elşən Mustafayev Ağ Evin tezliklə bu məsələni həll edəcəyini düşünür:
“Ən azı əminəm ki, Azərbaycan və ABŞ rəsmiləri bu barədə artıq müəyyən məsləhətləşmələr aparıblar. Çünki hazırda iki ölkə arasında diplomatik münasibətlərin bu şəkildə qalması üçün ciddi səbəb görünmür”.
Xatırladaq ki, ABŞ-nin ölkəmizdəki son səfiri Mark Libbi olub.
Qiymət Mahir
tag: Elşən Mustafayev,AMİP,ABŞ,Azərbaycan,Səfir,Todaypress.tv,
