7 iyun: Ermənistan üçün dönüş nöqtəsi - ŞƏRH
Təhlil
07.02.2026 19:15
“7 iyun tarixində Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin gələcək siyasi xəttini və regional münasibətlərini formalaşdıracaq mühüm hadisədir”.
Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, seçkilərin nəticələri Avropa, ABŞ, Rusiya və Qafqazın digər dövlətləri üçün də strateji əhəmiyyət daşıyır.
Ekspert vurğulayıb ki, hazırda Ermənistan daxilində seçki mühiti kifayət qədər mürəkkəbdir:
“Son illər Ermənistanda ictimai etimadın zəifləməsi və ciddi sosial-iqtisadi problemlərin artması müşahidə olunur. Baş nazir Nikol Paşinyanın populyarlığı əvvəlki qədər yüksək deyil və qarşıdakı dövrdə baş verə biləcək hadisələr seçkilərin nəticələrinə birbaşa təsir göstərə bilər”.
Bununla belə, analitikin sözlərinə görə, Paşinyan və rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası hələ də seçkilərin əsas namizədi sayılır. O bildirib ki, Paşinyan bu seçkiləri “sülh, sabitlik və davamlı inkişaf” üçün bir imtahan kimi təqdim edir və hökumətin mandatını yenidən qoruyacağına ümid edir.

Müxalifətin vəziyyətinə toxunan R. Bayramov qeyd edib ki, Ermənistanda müxalifət əsasən keçmiş prezidentlər və köhnə siyasi fiqurlar ətrafında formalaşıb:
“Ermənistanın keçmiş Prezidentləri Robert Köçəryan və Serj Sarkisyan cütlüyü, eləcə də kilsə rəhbərliyi əsas müxalif qüvvələr kimi çıxış edir. Bu qüvvələr Rusiyayanın regiondakı beşinci kolonu funksiyasını yerinə yetirən aktorlardır. Bu səbəbdən sözügedən seçkiləri Qərblə Rusiya arasında bir növ siyasi yarış kimi də qiymətləndirmək olar. Seçkilərin nəticələri Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinə, sülh danışıqlarının taleyinə və Avropa ilə əlaqələrinin gələcək istiqamətinə birbaşa təsir göstərə bilər”.

Siyasi şərhçi bildirib ki, bütün bu amilləri nəzərə aldıqda, 7 iyun seçkilərini Ermənistan üçün dönüş nöqtəsi adlandırmaq mümkündür. O, həmçinin qeyd edib ki, Paşinyanın qələbə ehtimalı yüksəkdir. Çünki müxalifət əsasən keçmiş prezidentlərdən ibarətdir və Ermənistan cəmiyyətində onların hakimiyyət dövrü ilə bağlı xatirələr müsbət deyil.
“Digər tərəfdən, Qərbin aktiv dəstəyi fonunda Nikol Paşinyan özünü daha rahat hiss edir. Bu səbəbdən o, müxalifətə qarşı istənilən təzyiqi Rusiyanın regiondakı təsir imkanlarını zəiflətmək kimi təqdim edərək rəqiblərinə qarşı sərt addımlar atmaqdan çəkinməyəcək. Paşinyan əmindir ki, bu addımlar “insan hüquqları”, “ədalətli seçkilər” və digər oxşar arqumentlərlə onun legitimliyini şübhə altına almayacaq”, - deyə siyasi şərhçi fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Ermənistan parlamentinə növbəti seçkilər bu il iyunun 7-də keçiriləcək.
Aysel Mətləb
tag: Rəşad Bayramov,Ermənistan,Seçki,Paşinyan,Todaypress.tv,
