“4 həftə ərzində İranda…” - Sabiq səfir ELƏ ŞEYLƏR DANIŞDI Kİ
Təhlil
03.03.2026 14:05
Fevralın 28-dən ABŞ və İsrailin İrana qarşı birgə həyata keçirdiyi hücumlarla başlayan qarşıdurma artıq dördüncü gündür ki, davam edir.

Regionda hərbi eskalasiya genişlənməkdədir.
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi qüvvələrinə və İsrail ərazisinə qarşı “Doğru vəd-4” əməliyyatının 12-ci mərhələsinə start verdiyini açıqlayıb.
Bəs münaqişə daha genişmiqyaslı müharibəyə çevrilə bilərmi, yoxsa proses yenidən danışıqlar masasına daşınacaq?
Mövzu ilə bağlı İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani TodayPress TV-yə danışıb.

ƏVVƏL HƏRƏKƏT, SONRA AÇIQLAMA
O bildirib ki, ABŞ və İsrail danışıqlar prosesinin davam etdiyi bir vaxtda İrana qarşı müştərək hücum həyata keçiriblər və sonradan planın əvvəlcədən hazırlandığını elan ediblər:
“On iki günlük müharibə zamanı da müzakirələr ərəfəsində hücum edilmişdi. Bu dəfə İran hazırlıqlı idi və aldanmadı. Qarşılıq verdi, Amerikanın regiondakı bazalarına və İsrailə zərbələr endirdi. Hətta bu hücumların davam edəcəyini də bildiriblər.
Hazırkı mərhələdə nəticə barədə dəqiq proqnoz vermək mümkün deyil. Tərəflər qarşı-qarşıyadırlar, amma bir reallıq var ki, hər müharibə nəhayət danışıqlarla bitir. Bunun nə zaman baş verəcəyini isə bilmirik. Çünki hücumları davam etdirməkdə israrlıdırlar. Deyilənə görə, proses 4-5 həftə davam edə bilər. İran da buna hazır olduğunu və cavab verəcəyini açıqlayıb.
Ümumiyyətlə, hücum üçün ciddi səbəb yox idi və bu addım beynəlxalq qaydalara da uyğun deyil. Hətta ABŞ-də konqresmenlər, həm respublikaçılar, həm də demokratların böyük əksəriyyəti bu hücumu pisləyir.

ABŞ Prezidenti Donald Tramp “müharibələri dayandırıram” deyə-deyə özü müharibəyə girir. Danışıqlar bitməmişdi, Omanın Xarici İşlər Nazirliyi də prosesdə iştirak edirdi. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə görüş olmuşdu və qərar verilmişdi ki, texniki görüşlər davam etdirilsin. Lakin danışıqlardan qayıdandan sonra ABŞ İsraillə birlikdə hücuma keçdi. Onlar düşünürdülər ki, hücumla məsələni bir neçə saat və ya bir-iki günə həll edə biləcəklər”.
İRAN MÜHARİBƏYƏ MƏCBUR EDİLİB
Ə.Süleymani qeyd edib ki, hazırda İran ciddi zərbələr alsa da, müharibəyə məcbur edilib:
“Düzdür, İran böyük ziyan və xərclərlə üzləşir, amma onu bu müharibəyə məcbur ediblər ki, özünü müdafiə etsin. Xüsusilə İsrailin istəyi İran rejiminin devrilməsi və Rza Pəhləvinin hakimiyyətə gətirilməsidir. Bu məsələyə məktəb müdirini dəyişmək kimi yanaşırlar. İran milləti də anlayır ki, İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqının xeyrini düşünmür, öz maraqlarını güdür.

Amma ABŞ rejimin devrilməsini istəmir. Onlar istəyirlər ki, danışıqlar olsun və istədiklərini əldə etsinlər. Amerikanın iki əsas məqsədi var: Fars körfəzində enerji resurslarına və onların ixracına nəzarət etmək, həmçinin ümumilikdə nəqliyyata nəzarəti ələ almaq. Burada Çin amili də var. Bildiyimiz kimi Çin İrandan ucuz neft alır. İranın ixrac etdiyi neftin təxminən 80 faizini…Çinin ümumi neft idxalının 12 faizi İrandandır. Tramp həm də dolların güclənməsini istəyir, yəni neftə nəzarətin ABŞ-nin əlində olmasını arzulayır”.
ABŞ DANIŞIQLARA DA YAŞIL İŞIQ YANDIRIR
Politoloqun sözlərinə görə, hazırda həm hücumların davam etdirilməsi ilə bağlı bəyanatlar səslənsə də, paralel olaraq ABŞ danışıqlara da yaşıl işıq yandırır:
![]()
“İran tərəfi bildirir ki, bu vəziyyətdə danışıqlar mümkün deyil. İran rəhbərini Tramp yox, İran milləti özü seçməlidir. Mən İran hakimiyyətinin hər addımını təsdiqləmirəm, tənqidçiyəm, amma bu məsələ fərqlidir. ABŞ və xüsusilə İsrail gözləyirdi ki, insanlar küçələrə çıxsın, rejimi devirsinlər. Bu, nə 12 günlük müharibə zamanı baş verdi, nə də indi. ABŞ istəyir ki, Orta Şərqdə bütün müsəlman ölkələri İsrailə tabe olsun. İran məsələsi həll olunandan sonra hətta Türkiyə ilə də münaqişə riski yarana bilər. Türkiyənin mövqeyi fərqlidir. NATO üzvüdür, ərazisində NATO bazası var və ABŞ və Qərblə münasibətləri fərqlidir”.
İRAN İSLAHATLARA GETMƏLİDİR...
O, İranın islahatlara getməsinin vacibliyini vurğulayıb:
“Güman edirəm ki, ABŞ istədiklərinə tam çata bilməyəcək. Onlar İrandakı qarışıqlıqdan istifadə etməyi planlaşdırırdılar. İran isə bu dövrdə islahatlara getməlidir. Konstitusiyaya əsasən müvəqqəti rəhbərlik şurası formalaşdırılıb və yaxın vaxtlarda rəhbər seçilməsi nəzərdə tutulur. Rəhbər Mütəxəssislər Məclisi tərəfindən seçilir və ya vəzifədən kənarlaşdırılır. Yəni İran öz institusional mexanizmlərini işə salıb”.
ABŞ-YƏ TƏZYİQ ARTA BİLƏR
Ə.Süleymani Pezeşkianın mövqeyinə də toxunub:

“Prezident Pezeşkian daha xalqsevər və düşüncəli siyasətçidir, şəxsi maraqları yoxdur, milli maraqları əsas tutur. O çalışır ki, islahatlar həyata keçirsin və peşəkarları vəzifələrə gətirsin. Lakin bu qədər hadisələrin fonunda, xüsusilə iqtisadi sahədə islahat aparmaq çətindir. Müharibə davam edərsə və İran Hörmüz boğazını bağlasa – elan edilmişdi, amma hələ bağlanmayıb – vəziyyət daha da ağırlaşa bilər. Bu, İranın özünə də ziyan vuracaq, amma eyni zamanda dünya bazarında neftin bahalaşmasına və ABŞ-yə təzyiqin artmasına səbəb ola bilər”.
VASİTƏÇİLİK EHTIMALI
Sabiq səfir vasitəçilik ehtimalını da istisna etməyib:
“Bəzi ölkələr vasitəçi qismində çıxış edə və müəyyən şərtlərlə tərəfləri yenidən danışıqlara qaytara bilər. Amma bəzi dairələr 4 həftə ərzində İranda daxili partlayış olacağını gözləyirlər. İsrail İranın parçalanmasını istəyir. ABŞ isə daha çox Venesuela modeli kimi bir variant axtarır – yəni uyğun tərəf tapıb razılığa gəlmək. Müharibənin sonadək davam etməsi və tərəflərdən birinin qələbəsi variantı da var. Kimin qalib gələcəyini indidən demək olmaz. ABŞ güclüdür, amma İran da imkanlarının zəif olmadığını göstərdi. Böyük itkilər var, çox sayda ölən və yaralanan var, lakin İran PUA və raketlərlə cavab verir”.
MÜNAQİŞƏNİN GENİŞLƏNMƏ RİSKİ
Politoloq bildirib ki, münaqişənin genişlənmə riski də qalır:
“Əgər ABŞ-də itkilər artsa, ictimai etiraz güclənsə, Hörmüz boğazı bağlansa və ya region ölkələri təzyiq göstərsə, danışıqlar yenidən gündəmə gələ bilər. Amma bu o demək deyil ki, ABŞ-nin hər dediyi olacaq. Almaniya, Fransa və İngiltərə kimi bəzi Qərb ölkələrinin prosesə qoşulmaq istəyi vəziyyəti daha da ağırlaşdıra və genişləndirə bilər. İranın proksiləri – Livanda “Hizbullah”, İraqda “Kətaib Hizbullah” artıq hərəkətə keçiblər. ABŞ səfirliklərinə hücumlar olub. Bütün bunlar davamlı prosesdir. Ehtimal edirəm ki, tərəflər ortaq məxrəcə gələr, atəşkəs əldə olunar və danışıqlara başlanar”.
ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİNƏ DOĞRU…
Əfşar Süleymani sonda münaqişənin Üçüncü Dünya müharibəsinə çevrilmək ehtimalından bəhs edib.

O, Çinin birbaşa müharibəyə qoşulacağını düşünmür, Rusiyanın isə daha çox vəziyyətdən istifadə edərək Ukrayna istiqamətində hərəkət edəcəyini ehtimal edir. Üçüncü Dünya müharibəsi ehtimalını yüksək qiymətləndirməyən ekspert münaqişənin genişlənə biləcəyini istisna etmir.
“Birləşmiş Millətlər Təşkilatı isə əsasən bəyanatlarla kifayətlənir və real təsir imkanları məhduddur”.
Qiymət Mahir
tag: Əfşar Süleymani,Politoloq,Keçmiş səfir,ABŞ,İran,Todaypress.tv,
