10 ilik hərbi mövcudluğa SON QOYULACAQ: YENİ HÜCUM, yoxsa...
Təhlil
20.02.2026 17:40
ABŞ Suriyadakı bütün hərbi kontingentini geri çəkir.
Maraqlıdır, bu Amerikanın İrana mümkün hücumu ilə bağlı ola bilərmi?
Politoloq Tofiq Abbasov mövcud stiuasiyanı TodayPress TV-yə şərh edərkən bildirib ki, Amerika hələ əvvəldən, xüsusilə Donald Trampın ilk prezidentliyi dövründə (2016–2020) Yaxın Şərqdən hərbi qüvvələri çıxarmaq niyyətində olduğunu deyib. O zaman konkret olaraq Suriyanın da adı çəkilib.

Onun sözlərinə görə, hazırda bu məsələ müəyyən mənada İran amili ilə əlaqələndirilə bilər:
"Çünki Suriyada müvəqqəti hökumət fəaliyyət göstərsə də, ölkə daxilində məzhəb və sərvət zəminində toqquşmalar davam edir, silah bolluğu isə sabitliyi zəiflədir. Keçmiş radikal silahlı qrupların qalıqları yeni adlar altında yenidən təşkilatlanaraq yerli hərbi əməliyyatlar həyata keçirirlər. Bu şəraitdə xarici hərbi qüvvələr özlərini tam təhlükəsiz hiss etmirlər".

Analitik qeyd edib ki, digər tərəfdən, İran raket imkanlarına malikdir və Suriyadakı hədəfləri öz ərazisindən vurmaq gücündədir. Buna görə də ABŞ-nin əlavə hava hücumundan müdafiə sistemləri yerləşdirməyi məqsədəuyğun saymaması və ümumilikdə Suriyanı tərk etməyi daha uyğun hesab etməsi ehtimal olunur.
"Ümumilikdə Yaxın Şərqdə vəziyyət gərgindir. ABŞ və İsrail İranın nüvə proqramını təhlükə kimi qiymətləndirirlər. Lakin bu yanaşma beynəlxalq aləmdə birmənalı qarşılanmır. İran isə nüvə silahı üzərində işləmədiyini və bunu siyasi-dini baxımdan məqbul saymadığını bildirir".

T.Abbasov vurğulayıb ki, ABŞ-nin birbaşa İrana hücum edəcəyi inandırıcı görünmür:
"Daha çox ehtimal olunan ssenari odur ki, mümkün hərbi təşəbbüs İsrail tərəfindən irəli sürülə bilər, ABŞ isə ehtiyat tədbirləri ilə prosesi müşayiət edə bilər".
Qeyd edək ki, ABŞ ordusu Suriyada qalan təxminən 1000 əsgərini iki ay ərzində ölkədən tamamilə çıxarmağa hazırlaşır. Bununla da Suriyada təxminən 10 ildən bəri davam edən ABŞ hərbi mövcudluğuna tamamilə son qoyulacaq.
Jalə Rövşən
tag: ABŞ,Suriya,Baza,İran,Hərb,Todaypress.tv,
