1 TRİLYONDAN ARTIQ vəsait: Ukraynanı xilas etmək mümkündür?
Təhlil
24.02.2026 22:31
"Müharibədən sonra Ukraynanın bərpası üçün tələb olunan vəsaitin həcmi 600 milyard dollardan 1.1 trilyon dollara qədər arta bilər və bu, Avropa üçün ciddi maliyyə yüküdür"
Politoloq Elşad Mirbəşiroğlu bunu TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, Dünya Bankının son proqnozuna əsasən, Ukraynanın bərpası üçün təxminən 588 milyard dollar tələb olunur, lakin müharibə davam etdiyi üçün bu rəqəm artmaqda davam edəcək.
"Avropa ölkələrinin və ABŞ-nin bu məsuliyyəti dərk etdiyi görünür. Hələ 2022-ci ildə “Yeddilik qrupu” (G7) yaradılıb. Bu qrupa Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, ABŞ, Kanada və Yaponiya daxildir ki, həmin ölkələrin gələcəkdə Ukraynanın bərpa prosesində iştirak edəcəyi gözlənilir", - deyə o vurğulayıb.

HƏRBİ ƏMƏLYYATLAR BU GÜ DAYANDIRILARSA…
Ekspert hesab edir ki, hərbi əməliyyatlar bu gün dayandırılarsa belə, Ukraynanın bərpası üçün ən azı 10 il vaxt lazım olacaq. O qeyd edib ki, burada yalnız infrastrukturun deyil, həm də iqtisadi sistemin yenidən qurulması məsələsi aktualdır.
Mirbəşiroğlu əlavə edib ki, Fransanın bu məsələdə daha fəal mövqe nümayiş etdirdiyi müşahidə olunur:
"Fransa Prezidenti Emmanuel Makron tərəfindən bu istiqamətdə xüsusi nümayəndə təyin edilib. Fransa hökuməti həm dövlət, həm də vətəndaş cəmiyyəti və sahibkarlar səviyyəsində Ukraynaya dəstək mexanizmləri üzərində işləyir".

TƏMƏNNASIZ VƏSAİT, GÜZƏŞTLİ KREDİTLƏR…
Siyasi şərhçi xatırladıb ki, yardım müxtəlif formalarda ola bilər – dövlət borcuna daxil edilməyən təmənnasız vəsait, güzəştli kreditlər və ya G7 ölkələrinin bərpa yükünü öz aralarında bölüşdürməsi. O qeyd edib ki, bəzi hallarda yardımın qarşılığında müəyyən iqtisadi mexanizmlər də tətbiq oluna bilər.
"ABŞ Prezidenti Donald Trampın yanaşmasına görə, Ukraynaya göstərilən yardımın əvəzində nadir mineral faydalı qazıntıların hasilatı kimi mexanizmlər müzakirə edilə bilərdi. Digər ölkələr də gələcəkdə müəyyən şərtlər əsasında dəstək verə bilərlər", - deyə politoloq bildirib.

Sonda analitik vurğulayıb ki, səsləndirilən 588 milyard dollarlıq vəsaitin əhəmiyyətli hissəsi güzəştli kredit və ya əvəzləmə mexanizmi formasında təqdim oluna bilər, lakin tam qarşılıqsız dəstək variantı da istisna edilmir.
Qeyd edək ki, Ukraynanın müharibədən sonrakı bərpası üçün tələb olunan vəsaitin 10 il ərzində təxminən 588 milyard dollar olacağı ehtimal edilir.
Aysel Mətləb
tag: Elşad Mirbəşiroğlu,Ukrayna,Vəsait,Yardım,Tramp,G7,Todaypress.tv,
