Azərbaycanda niyə xəstə xəstəxanadan "xəstəlik" tapıb çıxır ?
Azərbaycanda həkimlə xəstə arasında mübahisə xəbərlərinə həmişə rast gəlirik. İllərdir bu problem həllini tapmır. Söhbət sadə narazılıqdan başlayır, tərəflər bir-birinə söz qaytarır, vəziyyət böyüyür. Elə hallar da olur ki, mübahisə əlbəyaxa davaya qədər gedib çıxır. Bu yaxınlarda da Mərkəzi Klinikada belə bir hal baş verdi. Həkim günahı xəstəyə atdı, xəstə də həkimi təqsirli bildi. Klinika sorğumuza cavab vermədiyi üçün məsələnin nə yerdə qaldığını da aydınlaşdıra bilmədik. Bu da başqa bir mövzudur.
Gələk əsas məsələyə... Azərbaycan vətəndaşı həkimindən nə qədər razıdır?
TƏBİB-in keçirdiyi sorğuya nəzər saldıq. Tibbi xidmətlərdən ümumi məmnunluq 79,5 faiz göstərilir. Rəqəm yüksək görünür. Amma sorğunun başqa nəticələrinə baxanda narazılığın da kifayət qədər olduğunu görmək olur.
Sorğuda 2 054 nəfər iştirak edib. Onlardan 1 414-ü xidmət zamanı heç bir problem yaşamadığını deyib. 342 nəfər bəzən, 298 nəfər isə qismən problemlə qarşılaşdığını bildirib.

Narazılıqların bir hissəsi növbələr, xidmətin təşkili və tibb müəssisələrindəki şəraitlə bağlıdır. Amma xəstə - həkim ünsiyyəti də məsələnin vacib tərəfidir.
Xəstə nə istəyir? Xəstə həkimin onu dinləməsini istəyir. Şikayətini rahat danışmaq, nə baş verdiyini bilmək və müalicənin necə aparılacağını başa düşmək istəyir.
Həkim dostlarımızın işinə qarışmaq kimi olmasın, amma həkimin işi təkcə xəstəliyi tapmaq və dərman yazmaqdan ibarət deyil. Xəstəyə yanaşmaq tərzi də bu işin bir hissəsidir.
Bununla bağlı xaricdə maraqlı araşdırmalar aparılıb.
2024-cü ildə JAMA Network Open-da yayımlanan araşdırmada xroniki bel ağrısı olan 1 470 xəstə və 5 943 həkim görüşü araşdırılıb. Daha empatik həkimlərlə görüşən xəstələrdə ağrı, gündəlik fəaliyyətdə məhdudiyyət və həyat keyfiyyəti ilə bağlı göstəricilər daha yaxşı olub.

Xərçəng xəstələri ilə bağlı başqa bir araşdırmada da həkimin empatik davranışı ilə xəstənin vəziyyəti arasında əlaqə olduğu göstərilib. 2023-cü ildə yayımlanan meta-analizdə 55 araşdırmanın və 12 976 xəstənin nəticələri birləşdirilib.
Təbii ki, həkimin xoş münasibəti dərmanı əvəz etmir. Amma xəstənin özünü necə hiss etməsinə və müalicə prosesində həkimlə əməkdaşlığına kömək olur.
Xüsusilə ağır xəstələr üçün bu daha vacibdir. Xəstə onsuz da qorxur, ağrı çəkir, bəzən nə baş verdiyini tam anlamır. Belə vaxtda həkimin bir neçə dəqiqə ayırıb xəstəni dinləməsi, vəziyyəti sadə dildə izah etməsi çox şeyi dəyişə bilər.
Azərbaycan səhiyyəsində isə ünsiyyət məsələsinə hələ də lazımi diqqət verilmir. Bəzi xəstələr həkim qəbulundan çıxanda xəstəliyi barədə əvvəlkindən çox məlumatlı olmur. Həkim nə deyib, niyə həmin müalicəni seçib, bundan sonra nə etməlidir kimi suallar cavabsız qalır.
Bu, bütün həkimlərə aid deyil. Xəstəsinə diqqətlə yanaşan, izah edən, dinləyən və insanı sadəcə növbəti pasiyent kimi görməyən həkimlər də var. Amma yaxşı münasibətin şəxsi keyfiyyət kimi qalması yox, tibbi xidmətin adi qaydasına çevrilməsi bizə lazımdır.
Digər tərəfdən, xəstənin də məsuliyyəti var. Həkimə təhqirlə, qışqırıqla və aqressiya ilə yanaşmaq problemi həll etmir. Əksinə, onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırır. Son nəticədə bundan ən çox zərər görən yenə xəstənin özü olur.
TƏBİB-in məlumatına görə 2025-ci ilin ilk altı ayında e-TƏBİB sistemi üzərindən 29 min vətəndaş müraciəti və qiymətləndirməsi qeydə alınıb. Bu qiymətləndirmələrdə həkim-pasiyent münasibətləri də nəzərə alınıb.
2024-cü ilin yanvar-noyabr aylarında TƏBİB-in sənəd sistemi ilə 11 117 şikayət qeydə alınıb. 2025-ci ilin yanvar-sentyabr aylarında “815” Çağrı Mərkəzinə isə 113 610 zəng daxil olub və 3 083 müraciət araşdırılması üçün qəbul edilib.

Həkimlə xəstənin məqsədi eynidir. Onlar eyni cəbhənin adamlarıdır. Xəstə sağalmaq istəyir, həkim isə onu müalicə etməyə çalışır. Aradakı münasibət pozulanda isə müalicənin özü də çətinləşir.
Həkimin yaxşı mütəxəssis olması vacibdir. Amma qarşısında oturan insanın qorxduğunu, ağrı çəkdiyini və bəzən sadəcə eşidilməyə ehtiyacı olduğunu da unutmaq olmaz. Bəzən bir neçə dəqiqəlik normal söhbət xəstənin bütün müalicə prosesinə münasibətini dəyişə bilir.
Səhiyyəmizdə bu məsələdə ciddi boşluq var. Bu ən az diaqnoz və müalicə qədər ciddi qəbul edilməlidir.
Jalə Rövşən