İctimai rəyi manipulyasiya edirlər - Tənzilə Rüstəmxanlı hicab məsələsindən danışdı

İctimai rəyi manipulyasiya edirlər - Tənzilə Rüstəmxanlı hicab məsələsindən danışdı
12.10.2026 13:50 Gündəm

“Azərbaycanda hicab qadağan edilib” iddiaları ölkədə din-dövlət münasibətləri, tolerantlıq mühiti, eləcə də İslam dininə yüksək qiymət fonunda olduqca absurddur.

Bu sözləri, məzhəb savaşları və dövləti içindən yeyən  məsələlər haqqında  TodayPress TV-yə  açıqlamasında deputat Tənzilə Rüstəmxanlı deyib.


Məzhəb fərqliliklərinin İslam dininin tarixində təkcə dini yox, həm də sosial və siyasi hadisələrə təsir göstərən amillərdən biri olduğunu vurğulayan deputat bildirib ki, Şiə və Sünni məzhəbləri arasında yaranan ixtilaflar zaman-zaman genişmiqyaslı qarşıdurmalara, regional münaqişələrə və insan itkisinə səbəb olub:

“Bu gün texnologiyanın və ünsiyyət vasitələrinin sürətli inkişafı ilə yeni və daha təsirli olan sosial media dindarlığı aktuallıq kəsb etməyə başlayıb. Sosial mediada dini düşüncələrdən istifadə edilməsi populist dindarlığa zəmin yaradıb. Dini radikalizmin ən geniş yayılmış təbliğat platformalarından biri məhz sosial şəbəkələrdir. Bəzi qruplar sosial şəbəkələrdən istifadə edərək öz zərərli fikirlərini yayıb, cəmiyyətdə insanlar arasında dini və məzhəb ayrı-seçkiliyi yaratmağa cəhd edirlər".  

O, qeyd edib ki, Azərbaycanda tarixən müxtəlif dini məzhəblərin nümayəndələri birgə yaşayıb, tolerantlıq mühiti qorunub saxlanılıb:   

“Son dövrlərdə bəzi xarici təsirlərin və radikal çağırışların fonunda məzhəb məsələsinin süni şəkildə gündəmə gətirilməsi cəhdləri müşahidə olunmaqdadır. Bu cür cəhdlər cəmiyyətin vəhdətinə xələl gətirə, dini zəmin üzərində gərginliklərə yol aça bilər ki, bu da həm milli təhlükəsizlik, həm də ictimai sabitlik baxımından diqqətlə izlənməlidir". 

Millət vəkilinin sözlərinə görə, bu gün hicab məsələsində də eyni proses müşahidə olunur:

“Məktəblərdə vahid geyim qaydalarının tətbiq edilməsi Azərbaycanda hicab qadağası demək deyil. Bunu o halda demək mümkün olardı ki, başörtülü xanımlara ictimai yerlərdə belə məhdudiyyətlər tətbiq edilərdi. Nə keçmişdə belə bir məhdudiyyət olub, nə də bu gün var. Dini etiqad azadlığının qorunduğu Azərbaycanda gələcəkdə də belə bir məhdudiyyət olmayacaq". 

Xarici dini-ideoloji mərkəzlərin Azərbaycana müdaxilə cəhdlərinin sirr olmadığını diqqətə çatdıran deputat əlavə edib ki, məktəbdə geyim qaydalarının “hicab qadağası” kimi təqdim edilməsi və genişçaplı kampaniyanın aparılması bunu bir daha təsdiqləyir:

“Bu dairələrin məqsədi öz ideologiyalarını məktəblərə daxil etmək, gələcək nəsillərin dünyagörüşünə müdaxilə etməkdir. Həm qanun, həm dinimiz seçimin azad iradə ilə edilməsini tələb edir. Müqəddəs Qurani-Kərimin əsas çağırışlarından biri də dində məcburiyyətin olmamasıdır. Bu kontekstdə məktəb yaşlı qızların hicab taxmasının şəxsi yox, ailə və mühitin təsiri ilə baş verdiyi, bir çox hallarda məcburi xarakter daşıdığı faktı təkzib oluna bilməz". 

T.Rüstəmxanlı əlavə edib ki, bütün bunların fonunda məktəblərdə vahid geyim formasının tətbiqini “hicab qadağası” kimi göstərmək, yumşaq desək, yanlışdır:

“Məsələnin kontekstdən çıxarılmasında, ictimai rəyin manipulyasiya edilməsində xarici dairələrin rolu aydın görünür". 

Jalə Rövşən 

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər