Kozinoğlunun son 29 dəqiqəsində yaşananlar anbaan: Təcili yardımda həkim niyə yox idi?

Kozinoğlunun son 29 dəqiqəsində yaşananlar anbaan: Təcili yardımda həkim niyə yox idi?
15.09.2026 17:52 Araşdırma

2011-ci ildə Odatv istintaqı çərçivəsində həbs edildikdən səkkiz ay sonra Silivri həbsxanasında həyatını itirən, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Asiya üzrə baş müşaviri olmuş Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı indiyədək 4 nəfər həbs edilib.

Kozinoğlunun səhhəti pisləşdikdən sonra təcili tibbi yardım avtomobili ilə həbsxanaya gələrək ilk müdaxiləni həyata keçirən iki təcili tibbi yardım texniki (ATT) əməkdaşı da “qəsdən adam öldürmə” ittihamı ilə həbs edilənlər arasındadır.


Onlara qarşı irəli sürülən ittihamları qəbul etməyən iki ATT əməkdaşının ifadəsi “DW Türkçe”nin əldə etdiyi məlumata görə, Kozinoğlunun səhhətinin pisləşdiyi gün şübhəli hal yaşandığına işarə edir.

Hadisə günü nə baş verdi?

Hadisə baş verən zaman 26 yaşında olan ATT əməkdaşı Özlem U. hakim qarşısında verdiyi ifadəsində həmin gün baş verənləri danışarkən qeyd edib ki, normalda həbsxananın daxilində yerləşən və özlərinin də xidmət apardığı 2 saylı təcili yardım avtomobilində həkim olmalı idi.

Lakin həmin gün həkimin başqa yerə təyin olunduğunu bildirən Özlem U. deyib:

“Bu səbəbdən təcili yardım avtomobilimizdə həkim yox idi. Yeni həkim də təyin olunmamışdı. Normalda belə hallarda başqa bir briqadadan həkim gəlməli idi”.

Həbsxanadan çıxmazdan əvvəl 112 Komanda Mərkəzinə məlumat verərək yeməyə getdiklərini bildirən Özlem U. belə deyib:

“Həbsxanadan saat neçə radələrində çıxdığımızı xatırlamıram, yeməyə hara getdiyimizi də xatırlamıram”.

Özlem U. yemək yedikləri zaman təcili vəziyyətlə bağlı anons gəldiyini və dərhal masadan qalxaraq Kaşif Kozinoğlunun həbsxanada saxlanıldığı bölməyə getdiklərini bildirib.

Həbsxananın məhbusların qəbul bölməsinə çatdıqda xəstədə həyat əlamətlərinin olmadığını qeyd edən Özlem U. sözlərini belə davam etdirib:

“Lakin xəstənin biz gəlməzdən dərhal əvvəl danışdığını dedikləri üçün biz xəstəni həyata qaytarmağa çalışdıq”.

Özlem U. həmin gün həkimin əvəzinə onların yanına təcili tibbi yardım texniki Emre A.-nın təyin edildiyini bildirib:

“Bu əməkdaş da vəzifəsində yeniydi. Onun göndərilməsinə təəccüblənmişdim”.

“Ürək masajı etdik, EKQ-də heç bir hərəkətlilik olmadı”

Özlem U. Emre A.-nın onun göstərişi ilə Kozinoğluna venadaxili yol açdığını bildirərək bunları deyib:

“Mən ürək masajı edərkən Emre də xəstəyə 1 mq adrenalin verdi. EKQ-də heç bir hərəkətlilik görmədikdə sürücüyə mavi kod verməsini və həkimli briqada tələb etməsini dedim. Bu şəkildə təcili yardım avtomobilinə minib yola çıxdıq”.

Təcili yardım avtomobilinin sürücüsünün 3 saylı digər təcili yardım avtomobili ilə əlaqə saxladığını bildirən Özlem U. deyib:

“Kınalı ödəniş məntəqələrini keçdikdən sonra biz dayandıq. Çox qısa müddət sonra digər təcili yardım avtomobili gəldi. Digər təcili yardım avtomobilində olan əməkdaşlar bizim avtomobilə mindilər. Minən kimi paramedik Nesrin ürək masajını davam etdirdi. İntubasiya prosesi boyunca yolda gözlədik. Ürək masajına və adrenalin tətbiqinə davam etdik”.

Özlem U. həmin vaxt EKQ-də heç bir hərəkətlilik olmadığını bildirib.

İlk andan etibarən öz vəzifəsini yerinə yetirdiyini deyən Özlem U. belə ifadə verib:

“Xəstənin vəziyyətini görərək həkimli briqadanın olduğu təcili yardım avtomobili tələb etdik. Lakin heç bir şəkildə gözləmədik. Mən effektiv müdaxilə etdiyimi düşünürəm. Həkimli briqada olmadığı üçün paramedik briqada göndərilib”.

Daha sonra Silivri Dövlət Xəstəxanasına çatdıqlarını bildirən Özlem U. digər təcili yardım avtomobilinin sürücüsünün də onları izlədiyini deyib.

Həkimə xəstənin vəziyyəti barədə məlumat verdiklərini və onu təhvil verdiklərini, lakin bundan sonrasını bilmədiklərini bildirən Özlem U. Kozinoğlunu tanımadığını, onun kim olduğunu hadisə yerində öyrəndiyini qeyd edib.

“Hadisə zamanı iki aylıq dövlət qulluqçusu idim, ilk iş günümdü”

Hadisə zamanı 23 yaşında olan ATT əməkdaşı Emre A. da ifadəsində həmin vaxt hələ iki aylıq dövlət qulluqçusu olduğunu bildirib.

O, xidmət üzrə təlimlərini belə tam başa çatdırmadığını deyərək hakim qarşısında verdiyi ifadəsində bunları söyləyib:

“Hadisə günü 112 Komanda Mərkəzində çalışan baş həkimin göstərişi ilə Beylikdüzü 1 saylı Təcili Yardım Stansiyasından Silivri 2 saylı Təcili Yardım Stansiyasına əməkdaş çatışmazlığı səbəbindən göndərildim. Həmin gün o stansiyadakı ilk iş günümdü. Saat 18:00 radələrində həbsxanadan çıxaraq, səhv xatırlamıramsa, Hayat Xəstəxanasına yeməyə getdik. Yeməyə yenicə başlamışdıq. Anons gələn kimi dərhal çıxdıq. Mən sadəcə mənə verilən tapşırıqları yerinə yetirdim”.

Emre A.-nın vəkili Nazan Türkdoğan da hakim qarşısında keçirilən sorğu zamanı bildirib ki, müvəkkili həyatında heç vaxt Silivriyə gəlməyib və həbsxanada xidmət aparmayıb.

Vəkil Türkdoğan bunları deyib:

“Müvəkkilim və komanda yoldaşları yemək yeyərkən xəstə barədə məlumat verilir. Bu məlumat yalnız ‘halı pisləşən bir xəstə var’ şəklində verilir. Daha sonra müvəkkilim və həmkarları hadisə yerinə gedərək müdaxilə edirlər. Müvəkkilimin şəxsin kimliyi barədə heç bir məlumatı yoxdur. Ürək döyüntüsünün olmadığını gördükdə müvəkkilim və həmkarları həkimli briqada tələb edirlər. Vəziyyətin ciddi olduğunu bildirirlər. Lakin həkimli briqadanın olmadığı deyilir, daha sonra paramedik gəlir. Müvəkkilim tərəfindən ürək masajı edilir və onlar heç bir şəkildə ürək masajını dayandırmırlar”.

Kozinoğlunun son anları

İş materiallarında yer alan sənədlərə əsasən, Kaşif Kozinoğlunun 12 noyabr 2011-ci ildə məhbus kimi saxlanıldığı Silivri 1 saylı L Tipli Qapalı Cəzaçəkmə Müəssisəsində saat 17:56-da səhhətində problem yaranıb.

Eyni kamerada “Ergenekon” istintaqı çərçivəsində həbsdə olan istefada olan zabitlər Hasan Atilla Uğur və Hasan Ataman Yıldırım vəziyyəti görərək saat 18:08-də təcili çağırış düyməsini basıblar.

Kameraya daxil olan cəzaçəkmə müəssisəsinin mühafizə əməkdaşları Kozinoğlunu xərəkdə saat 18:25-də kameradan çıxarıb, dəhlizlərdən və yeddi ayrı qapıdan keçirərək 112 Təcili Tibbi Yardım avtomobilinin gələcəyi məhbusların qəbul qapısına gətiriblər.

İddiaya görə, Kozinoğlu həmin vaxt nəfəs alır və danışırdı.

Saat 18:37-də isə 112 Təcili Tibbi Yardım avtomobili qapıya gəlib. Yəni təcili çağırış düyməsinin basılmasından 29 dəqiqə sonra təcili yardım avtomobili qapıya çatıb.

İstintaq işinin materiallarındakı qeydlərə əsasən, saat 18:37-dən 18:47-dək gələn ilk tibbi briqada Kozinoğluna müdaxilə edib.

Təcili yardım avtomobilinə mindirilən Kozinoğlu xəstəxanaya aparılmaq üçün yola salınıb.

Saat 19:00-da isə təcili yardım avtomobili magistral yolda dayanıb və müdaxilə bir müddət də davam etdirilib. Bu zaman paramedik briqada da başqa bir təcili yardım avtomobili ilə hadisə yerinə gəlib.

Kozinoğlunu daşıyan təcili yardım avtomobili saat 19:10-da Silivri Xəstəxanasına çatıb.

Təcili yardım avtomobilinin Silivri həbsxanasından Silivri Dövlət Xəstəxanasına çatması 23 dəqiqə çəkib.

Mənbə: DW Türkçe

Müəllif: Alican Uludağ

Tərcümə: Qiymət Mahir

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər