Gədəbəy Almaniyanı Azərbaycanla necə birləşdirir?

Gədəbəy Almaniyanı Azərbaycanla necə birləşdirir?
21.07.2026 16:55 Araşdırma

160 il sonra Almaniya Azərbaycana qayıdır.

Bu qayıdışın olduqca böyük regional, hətta qlobal mənaları və çalarları var. İlk dəfə 1864-cü ildən etibarən Gədəbəy bu əlaqələrin qurulmasında mühüm rol oynayıb; qızıl, gümüş və mis kimi strateji metalların istehsalı bölgədə alman mədəniyyətinin dərin izlərini qoyub.

Tarixən Almaniya Azərbaycanla müxtəlif müstəvilərdə sıx bağlı olub – o cümlədən, ölkəmizdə çoxlu sayda alman yaşayış məskənlərinin mövcudluğu ilə. Bu gün Avropada eynilə XIX əsrdəki kimi münasibətlər sistemi dağılmağa başlayıb, dünyada müharibələr artıb, bəzi dövlətlərin qlobal siyasi iddiaları birbaşa hərbi toqquşmalara çevrilib. İndi əsas məsələ də budur:

Avropada bir tərəfdən Azərbaycana qənim kəsilən və anti-Azərbaycan maraqların əsas dəstəkləyicisi olan Fransa var; digər tərəfdən isə Azərbaycana ehtiyacı olan, münasibətləri strateji səviyyəyə daşımağa çalışan və müttəfiqə çevrilən Almaniya. Bu toqquşan maraqların tarixi köklərə söykənməsi, Gədəbəy kimi zəngin irsin yenidən ön plana çıxması tarixə istinad etməyi labüd edir.

XIX əsrdə Azərbaycanın Gədəbəy rayonundakı mis yataqlarının işlənməsi məşhur sahibkarlar olan Simens qardaşlarının adı ilə sıx bağlıdır. Hələ 1864-cü ildə Simenslər çar Rusiyası hökumətindən bu ərazilərdəki mis mədənlərinə mülkiyyət hüququ verən rəsmi şəhadətnamə almışdılar.

Bundan sonra qardaşların böyüyü, bütün dünyada tanınan elektrik mühəndisi Verner fon Simens Gədəbəyə gəlməyə hazırlaşdı.

1867-ci ildə Gədəbəydə avadanlıqları xaricdən gətirilmiş misəritmə zavodu fəaliyyətə başladı. Müəssisə həmin dövr üçün ən müasir texnologiyalarla təchiz olunmuşdu və bu, maliyyələşmə həcmi baxımından bütün dünyada böyük maraq doğururdu. Gədəbəyin mis mədənləri o dövr üçün görünməmiş miqyasda istismar edilməyə başladı — burada alman əmək təşkilatı sistemi özünü aydın göstərirdi. Mədənlərdə çalışmaq üçün yerli sakinlər cəlb olundu və yeni sahiblər azərbaycanlı işçilərin əməksevərliyindən oldukça razı qaldılar.

1873-cü ildə Simens qardaşları daha bir yeniliyə imza atdılar — Gədəbəy mədənlərində at gücü ilə hərəkətə gətirilən kanat yolu inşa etdilər. Bu kanat yolu çıxarılan filizin kiçik konteynerlərlə daşınması üçün istifadə olunurdu. Zavoda çatdırılan mis filizi sobalarda əridilirdi. Həmin dövrdə sobalar üçün ən dözümlü və səmərəli yanacaq daş kömür hesab edilirdi.

Lakin bir qədər sonra Ukraynadan gətirilən daş kömürlə zavodun müntəzəm təminatında problemlər yarandı. O zaman Simens qardaşları Yelizavetpol quberniyasının dağətəyi ərazisində yerləşən 23 min hektarlıq meşə sahəsini rəsmi şəkildə icarəyə götürdülər. Maraqlıdır ki, onlar bu məsələdə olduqca rasional və uzaqgörən mövqe nümayiş etdirdilər: əritmə sobalarına yanacaq əldə etmək üçün meşələri qırarkən, paralel olaraq seyrəkləşmiş sahələrdə ağacəkmə işləri təşkil edirdilər. Mədənlərdə iş öncədən müəyyənləşdirilmiş qrafik üzrə aparılırdı. Qardaşlar hər yeni şaxtanı öz adları ilə adlandırırdılar: “Verner-ştok”, “Karl-ştok”, “Ezel-ştok”.


Zavod mədəndən aşağı hissədə yerləşirdi və onların arasında dəmir yolu çəkilmişdi. Çox keçmədən filiz hasilatı və mis əridilməsi elə bir miqyas aldı ki, Simens qardaşlarının Gədəbəydəki müəssisəsi bütün çar Rusiyası üzrə topdansatış tədarük mənbəyinə çevrildi.

Gədəbəy misinin ilk topdansatış alıcısı Vıborq prokat zavodunun sahibi Peter Qurqun oldu. Göründüyü kimi, bu müəssisələrin hər ikisinin əsası alman sahibkarları tərəfindən qoyulmuşdu. Azərbaycanın müxtəlif bölgələrindən, ilk növbədə isə xalq sənətkarlığının qədim ənənələri ilə məşhur olan Lahıc kəndindən Simens qardaşlarının zavodunda çalışmaq üçün mahir misgərlər dəvət edilirdi. Onların bir çoxu məhz Gədəbəydə məskunlaşdı. Lahıclı ustaların hazırladıqları bir sıra məmulat nümunələrini Verner Simens Berlinə apararaq muzeylərə təqdim etmişdi.

Simens firması həmin dövrdə mis sənayesində görünməmiş nəticələr əldə etdi. Təkcə onu demək kifayətdir ki, 1877-ci ildə Rusiyada emal olunan misin dörddə biri məhz onların Gədəbəydəki zavodunun payına düşürdü. Lakin bu uğur qardaşları qane etmirdi və onlar daha bir zavodun tikintisinə icazə aldılar. Yeni müəssisənin yaxınlıqdakı Qalakənd kəndində inşası və xammalın daşınması üçün ora dəmir yolu xəttinin çəkilməsi planlaşdırıldı.

1879-cu ildə Berlində keçirilən beynəlxalq sərgi Simens qardaşlarının növbəti triumfu ilə yadda qaldı. Sərgidə Verner fon Simens tərəfindən layihələndirilmiş həmin dəmir yolunun maketi təqdim olundu və böyük sensasiyaya səbəb oldu. Artıq 1884-cü ildə tikintisinə 800 min rubl xərclənmiş, uzunluğu 31 kilometr olan dəmir yolu xətti istifadəyə verildi.

Qeyd etmək lazımdır ki, bu dəmir yolunun keçdiyi ərazi tamamilə qayalıq idi və belə bir layihə üçün bundan mürəkkəb məkan təsəvvür etmək çətin idi. Buna görə də hərəkətdə olan qatarları görən insanlar bunu adətən möcüzə kimi qəbul edirdilər. Daş uçqunlarının və sürüşmələrin qarşısını almaq üçün dəmir yolunun bir neçə hissəsində daş bəndlər inşa edilmişdi. Bu dəmir yolu ilə Qalakəndə müntəzəm olaraq xammal, əks istiqamətdə isə mis daşınırdı.


Qalakənd zavodu 1883-cü ildə fəaliyyətə başladı və artıq 1887-ci ildə Rusiyada mis emalı üzrə birinci yerə yüksəldi. Texnoloji təchizat baxımından onun Rusiyada analoqu yox idi. 1889-cu ildə Simenslərin daha bir ideyası sensasiyaya çevrildi — misin əridilməsində neftdən istifadə olunması. Neftin uzaq məsafələrə arabalarla daşınmasının səmərəsiz olduğu aydın idi. Buna görə də Bakı-Tiflis magistralındakı Dəllər dəmir yolu stansiyasından Gədəbəyə neft kəməri çəkmək qərara alındı. Həmin ilin noyabrında qardaşların müraciətindən sonra Rusiyanın Nazirlər Kabineti boru kəmərinin tikintisinə icazə verdi.

Həmin dövrdə dağlıq ərazilərdə neft kəmərlərinin çəkilməsi təcrübəsi yox idi. Lakin bu ideyanın müəllifləri layihənin reallaşacağına və böyük iqtisadi səmərə verəcəyinə tam inanırdılar ki, bu da Qafqaz canişinini xeyli təəccübləndirirdi. Həmişə olduğu kimi, Simenslər özlərinə xas dəqiqlik və məsuliyyətlə hərəkət edirdilər.

Layihə hazırlanarkən gələcək boru kəmərinin marşrutu diqqətlə öyrənildi. Bundan sonra işlər sürətlə başladı: ilk növbədə ərazidə yollar salındı. Çexiyadakı Mannesman zavoduna pərçimsiz, yeni tipli dəmir borular sifariş edildi. Nəhayət, neft kəməri tikildi və bu layihə təkcə Rusiyada deyil, bütün dünyada heyranlıq doğurdu. Sonralar bu tikintidə zəngin təcrübə toplamış çoxsaylı mühəndis və inşaatçılar Bakı-Batumi neft kəmərinin inşasına dəvət olundular.

Lakin Bakıdan neft təchizatındakı fasilələr misəritmə zavodunun müntəzəm fəaliyyətinə mane olurdu. Buna görə Simenslər öz enerji mənbələrini yaratmaq qərarına gəldilər. Qalakənddən axan çay üzərində su elektrik stansiyasının tikilməsi kararlaşıldı. Bu təşəbbüs də uğurla reallaşdırıldı: 1888-ci ildə Qalakənd Su Elektrik Stansiyası elektrik enerjisi verməyə başladı. Stansiyanın ərazisində, həmçinin balıqyetişdirmə təsərrüfatı yaradıldı.

Verner Simens ideya müəllifi, elektrik mühəndisi və konstruktor kimi geniş şöhrət qazanmışdı. Onun adı ilə bağlı olan elektrik generatorları bütün dünyada böyük maraq doğururdu. Buraya həmin dövrdə tətbiq edilən Simens-Billiter elektrokimyəvi vannalarını da aid etmək olar. V. Simensə, həmçinin diametri 6 metr olan sobalarda mis filizinin sənaye üsulu ilə əridilməsi metodu da məxsusdur — bu üsul tam təmiz mis əldə etməyə imkan verirdi.

Verner Simens gündəlikləri əsasında yazdığı “Xatirələrim” kitabında qeyd edir ki, onlar Qafqazda elektrik işıqlandırması ilə yanaşı, teleqraf xətti yaratmağa da nail olmuşdular. Teleqraf xətti Gəncədən Gədəbəyə qədər olan ərazini əhatə etsə də, bütün dünyadan məlumat almağa şərait yaradırdı. Uzunluğu 84 kilometr olan bu xətt Simens firmasının müstəsna mülkiyyəti idi. Buna baxmayaraq, ondan sovet hakimiyyətinin ilk illərində də istifadə olunurdu.

Ucqar Gədəbəydə elektrik enerjisindən geniş istifadə edilirdi — gündüzlər mədənlərdə və zavodlarda, hava qaraldıqdan sonra isə evlərin və küçələrin işıqlandırılması üçün. Halbuki həmin dövrdə təkcə Tiflis və Bakıda deyil, hətta Peterburq və Moskvada belə küçələr hələ də kerosin və qaz fənərləri ilə işıqlandırılırdı.


Həmin dövrdə Tiflisdə nəşr olunan jurnalların birində Gədəbəy mədənləri haqqında dərc edilmiş məqalədə belə qeyd olunurdu: “Zavodun ərazisində yaşayan amerikalılar qürurla bu məkanı ‘Gədəbəy-Siti’ adlandırırlar. Həqiqətən də, bu yerlər Şimali Amerikanı xatırladır”.


Simens firmasının Gədəbəydəki fəaliyyəti oldukça çoxşaxəli idi. Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş işçilərin sayının 5 minlə 10 min arasında olması bunu aydın göstərir. Onların arasında xarici vətəndaşlar da var idi. Şirkətin rəhbərliyində almanlar və digər əcnəbilər təmsil olunurdu, yerli əhali isə əsasən fiziki əməklə məşğul olurdu. Bununla belə, təhsil alaraq müəyyən sahədə mütəxəssis olmaq istəyənlər üçün heç bir məhdudiyyət qoyulmurdu.

Simens firması Azərbaycanda yalnız mis əridilməsi ilə kifayətlənmirdi. Gədəbəydə və ətraf ərazilərdə geniş tikinti işləri aparıldığı üçün materiallara olan tələbatı ödəmək məqsədilə burada kərpic zavodu da fəaliyyət göstərirdi. Bu zavodun məhsulları Azərbaycanın digər bölgələrində də böyük tələbat görürdü.

1900-cü il istehsal göstəricilərinin ən pik həddə çatdığı dövr kimi yadda qaldı ki, bu da XX əsrin ilk illərində Rusiyada müşahidə olunan ümumi iqtisadi yüksəlişlə birbaşa bağlı idi.

Gədəbəy və Qalakənd misəritmə zavodları Birinci Dünya müharibəsinin başlanğıcına qədər fəaliyyətini davam etdirdi. Lakin bu dövrdə Simenslər artıq işlərə əvvəlki marağı göstərmirdilər. Əvvəlcə Rusiyadakı daxili siyasi qeyri-sabitlik və münaqişələr, daha sonra isə müharibə hasilat sənayesinə sarsıdıcı zərbə vurmuşdu.

Dəmir yolu 1915-ci ildə bağlandı. 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin dekreti ilə müəssisələr milliləşdirildi, 1923-cü ildə isə Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə zavodların fəaliyyətinin bərpası üçün komissiya yaradıldı. Lakin komissiyanın fəaliyyəti real nəticə vermədi və Simens qardaşlarının müəssisələri tədricən ölü metal və beton yığınına çevrildi.

Etibar Nadiroğlu

Yazıçı, publisist

FOTOLAR

Gədəbəy Almaniyanı Azərbaycanla necə birləşdirir? — 1
XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər