Xətainin heykəlinə yazılan yazı müzakirə yaratdı – Nəvəsinə həsr edib?
Jurnalist Sənan Nəcəfov Bakıda ucaldılan Şah İsmayıl Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı paylaşım edib.
TodayPress TV xəbər verir ki, o, heykəlin üzərindəki lövhədə “Şah İsmayıl Xətai” yazısının altında kiçik hərflərlə “Nəvəm İsmayıl Atakuşevə həsr olunur – İbrahim Zeynalov” ifadəsinin yer aldığını bildirib.
Onun sözlərinə görə, heykəlin müəlliflərindən biri olan İbrahim Zeynalovun nəvəsinə həsr olunmuş bu yazı dövlət vəsaiti hesabına ucaldılan monumental abidələrdə şəxsi xatirələrə yer verilməsinin nə dərəcədə düzgün olması ilə bağlı suallar yaradır.
O, belə abidələrin üzərində müəlliflərin ailə üzvlərini və yaxınlarını yad etməsinin qanunvericilik və peşə etikası baxımından hansı çərçivədə mümkün olduğunu sorğulayıb.
Sənan Nəcəfov həmçinin qeyd edib ki, tarixi şəxsiyyətlərə həsr olunan rəsmi abidələrdən şəxsi xatirə məqsədilə istifadə edilməsi müzakirə mövzusudur.
Paylaşımda məsələ ilə bağlı mütəxəssislərin mövqeyinin öyrənilməsinə çağırış edilib.
Sözügedən məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlanıb.
Jalə Rövşən