“Xankəndi”nin rəhbəri: “Bu komandanın hekayəsi hələ yeni başlayır”
“Bu klubun hekayəsi hələ yeni başlayır və Xankəndidə olan hər kəs həmin hekayənin bir parçasıdır”.
TodayPress TV xəbər verir ki, bunu “Xankəndi” futbol klubunun Müşahidə Şurasının sədri Elgün Səmədov klubun gələcək planları ilə bağlı İdman.biz-ə müsahibəsində deyib.

O bildirib ki, klub üçün yeni baş məşqçinin təyin olunması və komandanın Xankəndidə ev oyunlarına başlaması mühüm mərhələdir.
“Xankəndi” klubunun baş məşqçisi vəzifəsinə Röyal Nəcəfov təyin olunub. Səmədovun sözlərinə görə, məşqçi seçimində futbol biliyi ilə yanaşı, komanda ilə işləmək bacarığı, məsuliyyəti və klubun gələcək planlarına uyğunluğu da nəzərə alınıb.
Klub rəhbəri komandanın əsas məqsədinin turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq, daha stabil nəticələr əldə etmək və gələcək mövsümlər üçün sağlam təməl formalaşdırmaq olduğunu bildirib.
O qeyd edib ki, Xankəndi şəhər stadionunda təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır. Rəsmi açılışdan sonra “Xankəndi”nin ilk ev oyununun tarixi müəyyənləşəcək.
Elgün Səmədov bildirib ki, klubun uzunmüddətli planları arasında futbol akademiyasının yaradılması da var. Məqsəd Xankəndidə futbol mühitinin formalaşdırılması, uşaqların və gənclərin futbola cəlb olunması və gələcəkdə yerli futbolçuların əsas komandaya yüksəlməsi üçün şərait yaradılmasıdır.
Klub rəhbəri “Xankəndi”nin yalnız futbol komandası kimi deyil, şəhərin ictimai həyatının bir hissəsi kimi formalaşmasını istədiklərini də vurğulayıb.
“İstəyirik ki, “Xankəndi” illər sonra da öz şəhərinin adı ilə qürurla çıxış edən və yeni nəsil futbolçular yetişdirən klub olsun”, - deyə, o əlavə edib.