Tıxaclarla sanki Prezidentin uğurlu siyasətinə kölgə salırlar - Millət vəkili
“Şəhərimizdə əvvəllər də tıxaclar olurdu. Amma bu il yay ərzində heç bir iş görülmədi, dərslərin başladığı, insanların tətildən qayıtdığı vaxtda yollarda təmir başladı, yollar bağlandı. Ölkəmizdə keçirilən beynəlxalq tədbirləri də nəzərə alsaq, burada müəyyən anormallıq var”.
Millət vəkili Tənzilə Rüstəmxanlı bunu tıxaclarla bağlı TodayPress TV-yə danışarkən deyib.

O bu halı normal qarşılamadığını bildirib:
“Milləti niyə bu qədər gərginlik içində saxlamaq lazımdır? Elə bil kimsə ölkə başçısının bu qədər uğurlar qazandığı, ölkə daxilində və xaricində bu qədər işlər gördüyü, Qarabağın bərpası ilə bağlı ciddi layihələrə imza atdığı dövrdə xırda məsələlərlə onun gördüyü böyük işlərə kölgə salmaq istəyir.
Bunların heç birini normal qarşılamıram. Yolda saatlarla vaxtımız keçir. Niyə?”
Deputat bununla bağlı ona müxtəlif şikayətlərin ünvanlandığını da qeyd edib:
“Digər tərəfdən də metro bağlanıb, hər kəs bundan şikayət edir. Hər gün bəlkə də 50 zəngə cavab verirəm. Şəhərin içində elə bir vəziyyət yaranıb ki, hər kəs, aidiyyatı olub-olmamasından asılı olmayaraq, millət vəkilisən deyə, gəlib səndən soruşur.
Arzuxan müəllimin fikirlərinə qatılıram, düzgün deyir. Kimsənin haqqı yoxdur ki, ölkədə və şəhərdə əldə olunan bu qədər uğura, ölkə başçısının gördüyü bu böyük işlərə kölgə salsın”.
Qeyd edək ki, Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasına tıxac səbəbindən gecikən deputat iclasda Arzuxan Əlizadə öz narazılığını ifadə edib.
Deputat bildirib ki, iş yerlərinə gecikmələr bir çox hallarda rəhbərlik və işçi arasında problemə səbəb olur:
“Tıxaclar dözülməz həddə çatıb. Bu məsələni diqqətə almaq lazımdır. Düşünürəm ki, hələ də yollarda tıxac məsələsini həll edə bilməyənlər vətəndaşlardan üzr istəməlidir”.
Qiymət Mahir