ADMİU tələbələrini təhdid edən oğlan universitetdən qovuldu - AÇIQLAMA
Sosial şəbəkələrdə, xüsusilə, TikTok platformasında yayılan video Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi tərəfindən araşdırılıb.
TodayPress TV xəbər verir ki, açıqlamaya əsasən, sözügedən videoda yer alan şəxslər bacı və qardaşdır.
Bildirilib ki, videoda görünən qız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almır və işləmir. Onun qardaşı - Kənan Zindadil isə universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilinin tələbəsidir.
Yaranmış problemin həlli ilə əlaqədar təcili olaraq ADMİU-nun İntizam komissiyasının iclası keçirilib.
Ali təhsil müəssisəsi ilə təhsil alacaq təhsilalan arasında bağlanan Fərdi müqavilənin 2.3.3. bəndini, “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxili nizam-intizam Qaydaları"nın 5.4. bəndini (a) Universitet əməkdaşları və təhsilalanlara hədə-qorxu gəldikdə), əsas götürərərək Kənan Zindadilin ADMİU-dan xaric edilməsi barədə qərar qəbul edib. Qərar rektor tərəfindən əmrləşdirilərək qüvvəyə minib.
ADMİU bir daha qeyd edib ki, tələbələrin hüquq və mənafelərinin qorunmasına xüsusi həssaslıqla yanaşır, onların özlərini rahat və təhlükəsiz hiss etdikləri təhsil mühitinin formalaşdırılması istiqamətində zəruri tədbirləri həyata keçirir.
Xatırladaq ki, “TikTok” sosial şəbəkəsində “leylakenan” adlı hesabdan canlı yayım zamanı ADMİU-nun birinci kurs tələbələri barədə təhqiramiz və alçaldıcı fikirlər səsləndirilib.
Canlı yayımda universitetə yeni qəbul olunan tələbələrə qarşı hədələyici ifadələr işlədilib, onlara fiziki xəsarət yetiriləcəyi bildirilib. Həmçinin yayım iştirakçıları əvvəlki illərdə də tələbələrə xəsarət yetirdiklərini iddia ediblər.