Təqaüddə olan hərbçilərin pensiyası da artacaq? - AÇIQLAMA
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8 faiz artacaq.
Dəyişikliklər Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında birinci oxunuşda qəbul edilib.
Bu artımın təqaüddə olan hərbçilərin pensiyalarına da şamil ediləcəyi ilə bağlı fikirlər səsləndirilib.
TodayPress TV xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov İqtisadiyyat.az-a açıqlamasında dəyişikliyin hazırda təqaüddə olan hərbçilərin pensiyalarına təsir göstərməyəcəyini deyib.
Deputatın sözlərinə görə, hərbçilərin pensiyaları artıq 5 ildir indeksləşdirilir.
“Ümumiyyətlə, Azərbaycanda bütün növ əmək pensiyaları, o cümlədən hərbçilərin pensiyaları indeksləşdirilir. Hazırda qanuna edilən dəyişiklikdə hərbçilərin pensiyalarının indeksləşdirilməsi baxımından hər hansı yenilik yoxdur”, - deyə Vüqar Bayramov bildirib.
Qeyd edək ki, Azərbaycanda tətbiq olunan vahid indeksasiya metoduna əsasən, bütün növ pensiyalar, o cümlədən hərbi qulluqçuların, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və dövlət qulluqçularının xüsusi şərtlərlə aldıqları pensiyalar ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir.