Sovetdən qalan anbarlarda partlayan silahlar - Hərbi ekspertdən izah

Sovetdən qalan anbarlarda partlayan silahlar - Hərbi ekspertdən izah
03.09.2026 17:40 Sosial

Köhnə sursat, zəif nəzarət, böyük təhlükə – Postsovet anbarlarında təkrarlanan problemlər

Karbohidrogenlərlə zəngin olan keçmiş sovet respublikalarında, eləcə də ümumilikdə postsovet məkanında zaman-zaman hərbi anbarlarda baş verən kütləvi partlayışlar və dəhşətli qəzalar cəmiyyətdə böyük təşviş yaradır. Çox vaxt bu cür faciələrin əsas səbəbi kimi köhnəlmiş sursat ehtiyatları, infrastrukturun aşınması və təhlükəsizlik qaydalarının pozulması göstərilsə də, məsələnin pərdəarxasında daha dərin idarəetmə problemlərinin dayandığı bildirilir.

Bəs bu dəhşətli partlayışların baş verməsində hansı amillər daha həlledici rol oynayır? Postsovet ölkələri bu böyük riskləri azaltmaq üçün hərbi anbarların idarə olunmasında hansı köklü dəyişiklikləri etməlidirlər?

Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, anbarlarda sursatların qorunması zamanı yaşanan fəsadlar köhnə infrastruktur və idarəetmə çatışmazlıqlarının bir-birini zəncirvari şəkildə gücləndirməsindən qaynaqlanır.


Hərbi ekspert partlayışlara rəvac verən həlledici amilləri belə sadalayıb:

"Postsovet ölkələrinin bir hissəsində ehtiyatların əhəmiyyətli qismi sovet dövründən qalan nomenklaturadır. İllər keçdikcə partladıcı maddələrin və xüsusilə bəzi komponentlərin fiziki-kimyəvi xüsusiyyətləri dəyişə bilər. Buna görə sursatın sadəcə "anbarda olması" yox, onun texniki vəziyyətinin davamlı qiymətləndirilməsi vacibdir. Sovet dövründə yaradılmış bəzi anbarların binaları, elektrik sistemləri, yanğınsöndürmə vasitələri müasir standartlara uyğun deyil. Bu isə kiçik bir insidenti böyük miqyaslı hadisəyə çevirə bilər".

Mütəxəssis insan faktoru və anbarların səhv coğrafi mövqeyinin fəsadları kəskinləşdirdiyini xüsusi vurğulayıb:

"Ən ciddi problemlərdən biri "köhnə sursatı harada yerləşdirək?" yanaşmasıdır. Təlimsiz və ya həddindən artıq rutinləşmiş fəaliyyət, prosedurlara formal yanaşma, nəzarətin zəifləməsi riskləri ciddi artırır. Digər mühüm məsələ yaşayış məntəqələrinə yaxınlıqdır. Hətta partlayışın ilkin səbəbi aradan qaldırılsa belə, böyük sursat ehtiyatının əhali yaşayan əraziyə yaxın saxlanılması nəticələrin miqyasını artırır. Buna görə risk zonalaşdırılması və anbarların yaşayış məntəqələrindən təhlükəsiz məsafədə yerləşdirilməsi strateji məsələdir".

Postsovet ölkələrinin bu riski sıfırlaması üçün kompleks modernləşdirmə proqramına ehtiyac olduğunu deyən ekspert, zəruri addımları diqqətə çatdırıb:

"İlk növbədə bütün ehtiyatların inventarizasiyası və risk üzrə təsnifatı aparılmalı, köhnə sursatların təhlükəsiz şəkildə sıradan çıxarılması üçün ayrıca büdcə ayrılmalıdır. Yanğın təhlükəsizliyi, ildırımdan mühafizə və rütubətə nəzarət sistemləri yenilənməlidir. Eyni zamanda müstəqil audit mexanizmi və rəqəmsal nəzarət sistemi tətbiq olunmalıdır. Sursatın harada, hansı miqdarda və hansı texniki kateqoriyada saxlanıldığı real vaxtda izlənməlidir".

Sonda əsas qənaətini bölüşən Elxan Şıxəliyev, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yeni imkanlara da toxunub:

"Bu hadisələrə yalnız "sursat köhnədir, ona görə partladı" prizmasından baxmaq düzgün deyil. Doğru model belədir: köhnə sursat + köhnə infrastruktur + zəif inventar idarəçiliyi + insan faktoru + qeyri-kafi nəzarət = yüksək risk. Ona görə də əsas dəyişiklik 'anbar tikmək'dən 'sursatın bütün həyat dövrünü idarə etmək' modelinə keçid olmalıdır. Azərbaycan baxımından isə işğaldan azad edilmiş ərazilərdə yeni hərbi infrastruktur qurularkən köhnə sovet modelindən tamamilə fərqli, müasir və rəqəmsallaşdırılmış sistem qurmaq üçün böyük imkan var", - deyə o, fikrini tamamlayıb.

Xatırladaq ki, 2 sentyabr 2026-cı il gecə saatlarında Goranboy rayonunun Nizami kəndi yaxınlığındakı sursat anbarında güclü yanğınla müşayiət olunan partlayışlar baş verib, xəsarət alan yoxdur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər