Reallığa satirik və fəlsəfi baxış

Reallığa satirik və fəlsəfi baxış
26.09.2026 15:19 Sosial

Satira kimi müəllifin əsəblərini korlayan ikinci bir janr yoxdur. Satirik ab-havaya köklənəndə şair, yazıçı ətrafda, insanlarda ancaq mənfi tərəfi görür. Və satira heç nəyi dəyişmədiyini görüncə daha da aqressivləşirsən. Bir sözlə, özünə ziyan edirsən.

Nəsnənin fəlsəfi tərəfinə yönələndə isə, mənəvi zövq alırsan. Düşüncə dərin qatlara enir, özün və mahiyyətin necəliyinin niyə belə olmasına cavab axtarırsan. Maraqlıdır ki, yaşa dolduqca elə bil satiradan uzaqlaşıram, fəlsəfə maraqlandırır məni. Bəs hadisələrə satirik baxışla fəlsəfi baxışın fərqi nədir? Məsələn, götürək elə bir məmurun gözünün doymamasını. Bu məsələdə məmura satirik yanaşanda qınayırsan, onu qarşı cəbhəyə qoyub tənqid atəşinə tutursan (lap belə deyək, yazıda qarşına qoyub danlayırsan). Həmin məmura qarşı nifrətin, ikrahın aydındır.

Amma nə dəyişir, heç nə. Həmən bu nifrət, kin sənə yük olur. Bəs, fəlsəfi yanaşanda nə dəyişir? Bu zaman bu acgöz məmuru başa düşməyə çalışırsan. Onun özünü yox, özündən də o tərəfə onu idarə edən nəfsini təhlil edirsən.

Düşünürsən ki, bu məmur niyə yığdıqca yığır? Cavab tapırsan, qərara gəlirsən ki, bu insanın Yaradana inamı az olduğu üçün, Kainatın nizam-intizamını davamlı dərk edə bilmədiyi üçün, o düşünür ki, sabah vəzifədən çıxsa, ac qalacaq. Ona görə, özünə bir neçə qərinəlik sərvət yığır. Yəni, məmur düşünsə ki, alıb-verdiyim nəfəsi təmənnasız mənə verən Allah heç şübhəsiz ruzimi də yetirəcək, onda heç zaman özünün olmayan sərvətə əl qoymaz. Belə yanaşanda onun halına acıyırsan.

Ona yazığın gəlir. Ona kömək etmək istəyirsən. Bu mərəzdən qurtulmasına necə yardım edə biləcəyini düşünürsən.

Bu təkcə məmura aid düşüncə deyil, adi fəhləyə də aiddir. Sabah qorxusu! “Axırımız necə olacaq?” fikri. “Birdən elə olmaz, belə olar” təlaşı hamımızı Yaponların Zen fəlsəfəsində deyildiyi kimi, “anı yaşamaq”dan uzaqlaşdırır. Nə varlı var-dövlətindən zövq ala bilir, nə kasıb puldan başqa sərvət görə bilir. Görmək, danışmaq, eşitmək və s. hər şey əvəzolunmaz sərvət deyilmi?

Sufilərin maraqlı bir yanaşması var. Sufi təfəkkür etməkdən, yəni yaradılışı düşünməkdən və bir də zikr etməkdən, Yaradanı anmaqdan başqa heç nə bilmir. Əslində, buna “heç nə” deməklə özümün heç nə bilmədiyimi bəyan etdim... 

Kapitalizm bütün münasibətləri pul üzərində bərqərar etdiyi üçün insanlar varlı adamları əzəmətli təsəvvür edirlər.

Hər kəs nə yolla olur olsun “əzəmətli” görünməyə, yəni zəngin olmağa can atır. Məmur da şəraitdən istifadə edir, yararlanmağa çalışır.

Əslində, fikir versək, məmuru da bu hala cəmiyyət salır. İnsanlar daxilən zəngin olsalar, varlı adamlara yaltaqlanmasalar, o da mühitin təsirilə gül kimi məmur olar. Elə bil ki, bir gözəl qıza kəndin bütün cavanları aşiq olur, bu aşiqlərin çoxluğundan xumarlanan qız hər gələnə naz eləyir. Həmin o aşiqlər də gedib öz tayların tapırlar, bu nazlı qız da evdə qalacağından qorxub, kəndin ən idbarına gedir. Məsələyə diqqətlə baxsaq, burada günah həm qızdadır, həm aşiqlərdə. Mənim o gözəlliyə heyfim gəlir!

Hə, sufilərdən danışırdıq axı. Sufizm və Zen fəlsəfəsi, məmur və gözəl qız müqayisəsini aparanda müqayisə etməyin özünün nə boyda dərinlik olduğunu düşündüm. İnsan əsas iki şeyi müqayisə etməlidir hər gün – həyat və ölümü.

Ölüm sənin qaçılmazındır, həyat isə yaşamağın deyil, düşünə-düşünə yaşamağındır. İnsan həyata arzu zənciriylə deyil, arzu ipiylə bağlanmalıdır. İp sap kimi nazik olmalıdır ki, azadlığına doğru dartınanda o ipi qıra bilsin. Şiddətli arzu, istək insanı məhrum da edə bilir. İnsanın bu zəifindən istifadə edib, onun arzularını az-az qidalandıra-qidalandıra onu kölə də edirlər... 

Tabut yeganə minik vasitəsidir ki, ona minəndə özündə olmursan. 

Şair-publisist, AYB-nin üzvü, DGTYB-nin İH-nin üzvü, Prezident təqaüdçüsü Yusif Nazim Ərəbsoy

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər