Qonşu ölkələrdə ictimai nəqliyyat: Qiymətlər və infrastruktur

Qonşu ölkələrdə ictimai nəqliyyat: Qiymətlər və infrastruktur
17.09.2026 14:30 Sosial

Azərbaycanda, xüsusən Bakıda ictimai nəqliyyat son illərdə modernləşmə mərhələsindədir. 2025-ci ilin oktyabrından metro və müasir standartlara cavab verən avtobuslarda bir gedişin qiyməti 60 qəpik müəyyən edilib. Lakin buna baxmayaraq, vətəndaşlar yollarda sıxlıq və nəqliyyat azlığından şikayətçidirlər.

Bəs qonşu ölkələrdə vəziyyət necədir? Qiymətlər və infrastruktur baxımından fərqlər nədən ibarətdir?

TodayPress TV xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə metro və şəhər avtobuslarında vahid tarif tətbiq olunur.

Bir gediş 1 lari (təxminən 0,60-0,65 manat) təşkil edir. Əsas üstünlük odur ki, ödəniş etdikdən sonra 90 dəqiqə ərzində metro və avtobus arasında sərbəst keçid mümkündür. Yəni eyni pulla bir neçə nəqliyyat vasitəsindən istifadə etmək olar.

Metro şəbəkəsi kiçik olsa da (iki xətt), avtobus sistemi şəhəri kifayət qədər yaxşı əhatə edir. Kart sistemi (Metromoney) rahatdır və turistlər də asanlıqla istifadə edir.

Türkiyənin şəhəri İstanbulda qiymətlər daha yüksəkdir. "İstanbulkart" ilə bir gediş təxminən 42-46 türk lirəsi (təxminən 1,20-1,40 manat) arasındadır. Metrobus və Marmaray kimi uzun məsafəli xətlərdə isə qiymət dayanacaq sayına görə artır.

İstanbulun ictimai nəqliyyat sistemi regionun ən inkişaf etmişlərindən biridir. Metro şəbəkəsi genişdir, metrobus xətləri şəhərin sıx yerlərini birləşdirir, tramvay və bərə xidmətləri də aktiv işləyir. Lakin qiymətlərin tez-tez artırılması sərnişinlər arasında narazılığa səbəb olur. Bununla yanaşı, dünyanın ən tıxaclı şəhərlərindən biri hesab olunur. Sürücülər ildə ortalama 100 saatdan çox vaxtı tıxacda keçirirlər. Sabah və axşam saatlarında körpülər, yollar demək olar ki, iflic olur.

Rusiyanın paytaxtı Moskvada "Troika" kartı ilə bir gediş təxminən 75 rubl (təxminən 0,70–0,80 manat) təşkil edir. Bank kartı və ya biometrik ödənişlə qiymət bir qədər fərqlənir. Aylıq abunə isə daha sərfəlidir.

Moskva metrosu həm şəbəkənin böyüklüyü, həm də stansiyaların memarlığı ilə dünyada tanınır. Avtobus, tramvay və Mərkəzi Dairə Xətti (MCC) ilə inteqrasiya yüksək səviyyədədir. Sistemin əsas üstünlüyü sabit işləməsi və gecə saatlarında belə fəaliyyət göstərməsidir. Burada tıxaclar klassik haldır. Lakin burada güclü metro sistemi olduğu üçün insanlar daha çox yeraltı nəqliyyata üstünlük verirlər. Buna baxmayaraq, yerüstü nəqliyyat və şəxsi maşınlar üçün problemlər qalır.

Ermənistanda 2025-ci ildən vahid ödəniş sistemi tətbiq olunur. Metro, avtobus və trolleybuslarda bir gedişin qiyməti 150 dramdır (təxminən 0,65–0,70 manat). Nağd ödəniş qəbul edilmir, yalnız kart, QR kod və ya bank kartı ilə ödəniş mümkündür.

Metro şəbəkəsi kiçikdir, bir əsas xətt və 10 stansiyası var. Şəhərdə avtobus və trolleybuslar daha geniş əhatəyə malikdir. Sistem sadə olsa da, son illərdə nağdsız ödənişə keçid başa çatıb. Ancaq mərkəzdə "çaspik" vaxtlarda tıxaclar yaranır. Şəhər rəhbərliyi şəxsi avtomobillərə məhdudiyyət qoymaq, ictimai nəqliyyat üçün ayrıca zolaqlar yaratmaq planlarını müzakirə edir.

Bakıda metro və müasir avtobuslarda 60 qəpik tarif region ölkələri ilə müqayisədə aşağı hesab olunur. Tbilisi ilə təxminən eyni səviyyədədir, İstanbuldan isə xeyli ucuzdur. Moskvada isə qiymət bir qədər yüksəkdir.

İnfrastruktur baxımından isə fərqlər daha qabarıqdır. İstanbul və Moskva geniş və çoxşaxəli şəbəkəyə malikdir. Tbilisidə sistem daha sadə, amma rahatdır.

Azərbaycanda qiymətlər əlverişli qalsa da, infrastrukturun inkişafı hələ də qonşu böyük şəhərlərlə müqayisədə geridədir. Lakin son illərin investisiyaları və dövlət proqramları bu fərqi getdikcə azaltmağa yönəlib. Belə ki, 2040-cı ilədək Bakı şəhərinin nəqliyyat infrastrukturu əsaslı şəkildə dəyişilməsi nəzərdə tutulur. Plana əsasən, şəhər yeni metro xətləri, velosiped zolaqları və təkmilləşdirilmiş dəmir yolu şəbəkəsi ilə təmin olunacaq.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər