Sumqayıt-Bakı qatarında problem: Sərnişinlər qatara minə bilmədi - FOTOLAR

Sumqayıt-Bakı qatarında problem: Sərnişinlər qatara minə bilmədi - FOTOLAR
20.11.2026 09:41 Sosial

Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarda və “Məmmədli” dəmir yolu stansiyasında yaranan problem sərnişinlərin narazılığına səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova “Facebook” hesabında paylaşım edib.

Onun sözlərinə görə, saat 08:10-da hərəkət edən qatar “Məmmədli” stansiyasında dayansa da, platformada gözləyən sərnişinlər qatara minə bilməyiblər. Səbəb turniketlərdən yalnız dəmir yolu kartı ilə keçidin mümkün olması, bank kartlarının isə işləməməsi olub.

“Vaxtında və məsuliyyətlə evdən işinə sarı çıxan adamlar qatara minib gedə bilmədilər. Bir çoxu əsəbi halda deyinə-deyinə geri qayıtdı. Qatar da heç kəsin nazı ilə oynamadı, hamı da onun dalınca baxa-baxa qaldı”.

Mətbuat katibi qeyd edib ki, yaranmış vəziyyətə görə təkrar ödəniş edərək dəmir yolu kartı almağa məcbur olub. Lakin qatara mindikdən sonra da sıxlıq problemi ilə üzləşib.

“Hədsiz hirsləndim, təzədən pul verib dəmir yolu kartı aldım. İndi də basabasda gedirəm teatra sarı. Əsl tragikomediya buradadır. Qatarın qapısından girmişəm, sıxlıqdan nəfəsim kəsilir. Yuxarı mərtəbəyə çıxmaq istəyirəm, yazılıb ki, "Giriş qadağandır!" Özü də bomboş, aşağıda isə camaat nəfəsi kəsilir”.

O, dəmir yolu xidmətindən mütəmadi istifadə etdiyini, xidmətlə bağlı müsbət fikirlərini dəfələrlə ifadə etdiyini vurğulayıb. Bununla belə, yaranmış problemlərin də ictimailəşdirilməsinin vacibliyini qeyd edib.

“Razılığımı bildirdiyim kimi, narazılığımı da bildirməliyəm. Qoy bu yazımla aidiyyəti şəxslər sadə xalqın əzabının portretini seyr etsinlər. Düşünürəm ki, bəlkə onlardan gizlədirlər, bir daimi sərnişinin dilindən eşitsinlər”, – deyə Fəridə Aslanova əlavə edib.

Sərnişin yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumların açıqlama verməsini və problemin aradan qaldırılması üçün tədbir görülməsini gözləyir.

Qeyd edək ki, hadisə ilə bağlı aidiyyəti qurumların rəsmi mövqeyi paylaşımda yer almayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Sumqayıt-Bakı qatarında problem: Sərnişinlər qatara minə bilmədi - FOTOLAR — 1
Sumqayıt-Bakı qatarında problem: Sərnişinlər qatara minə bilmədi - FOTOLAR — 2
Sumqayıt-Bakı qatarında problem: Sərnişinlər qatara minə bilmədi - FOTOLAR — 3
Sumqayıt-Bakı qatarında problem: Sərnişinlər qatara minə bilmədi - FOTOLAR — 4
XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər