Tramp-Putin-Si görüşündən dərhal sonra İran tankerlərin ağzını Pekinə çevirdi
İranın ABŞ-ın dəniz blokadasına baxmayaraq neft ixracını davam etdirməyə hazırlaşdığı bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə Reuters yazıb.
Bildirilib ki, onlarla İran neft tankeri Fars körfəzində yerləşən Xarq adasında yüklənir.
SEPAH ilə əlaqəli informasiya agentlikləri də tankerlərin Çinə doğru yola düşməyə hazırlaşdığını iddia edib. “Reuters” agentliyi də ayrıca olaraq İran tankerinin Körfəzdə xam neft yükləməyə başladığını təsdiqləyib.
Bununla yanaşı, Tehran gəmilərinə hücum ediləcəyi təqdirdə Körfəz ölkələrinin neft infrastrukturuna qarşı cavab zərbələri endirəcəyi ilə hədələyir. Bu isə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərin enerji obyektlərinin də mümkün qarşıdurmanın hədəfinə çevrilməsi riskini artırır.
Diqqətçəkən məqam odur ki, bu hadisələr Çində Donald Tramp, Si Cinpin və Vladimir Putinin iştirakı ilə keçirilən sammitdən dərhal sonra baş verir. İranın neft tankerlərinin hərəkətə hazırlanması və Tehranın qarşılıqlı zərbə təhdidləri Fars körfəzində neft ixracı ilə bağlı yeni və daha təhlükəli qarşıdurmanın başlaya biləcəyi ehtimalını gündəmə gətirir.
Jalə Rövşən