"Niyə azərbaycanlı qadın ərəbə bənzəməlidir?" - Şəmil Sadiq
Son illərdə ölkəmizdə qadın geyimi, xüsusilə də dini örtük məsələsi ətrafında aparılan müzakirələr müxtəlif müstəvilərdə davam edir. Bəziləri hicabı sırf dini tələb kimi müdafiə etdiyi halda, digər tərəf onu məhdudiyyət kimi qiymətləndirir. Lakin bu mübahisələrdə məsələnin milli-mədəni aspekti və geyim idxalı təhlükəsi gözlərdən yayınır.
TodayPress TV xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru, dosent, alim-filoloq, publisist və naşir Şəmil Sadiq dini örtünmə anlayışı ilə xarici mədəniyyətlərin geyim formalarının qarışdırılması problemindən bəhs edib.
O bildirib ki, örtünmənin konkret forması həmişə yalnız dindən gəlmir, coğrafiya və mədəniyyətlə formalaşır:
"Bu gün müsəlman ölkələrində istifadə edilən örtüklərə baxsaq, onların bir-birindən ciddi şəkildə fərqləndiyini görərik. İranda çador, Səudiyyə Ərəbistanında niqab və əbaya, Əfqanıstanda burqa–çadəri, İndoneziya və Malayziyada isə jilbab və tudung geniş yayılıb. Əgər bunların hamısı eyni dini mənbədən gələn vahid geyim forması olsaydı, görünüşlərinin də bir-birinə bənzəməsi gözlənilərdi. Çador (çadra) İranın tarixi və şiə mədəni mühiti ilə formalaşıb. Niqab və qara əbaya Ərəbistan yarımadasının iqlimi, qəbilə ənənələri və mühafizəkar dini şərhləri ilə bağlıdır. Əfqan burqası puştunların yerli məhrəmlik anlayışının və sonradan sərtləşən siyasi-dini mühitin məhsuludur. Deməli, din eyni olsa da, geyim formaları fərqlidir. Çünki din örtünmə prinsipini müəyyənləşdirə bilər, amma parçanın rəngini, kəsimini, bağlanma qaydasını və milli üslubunu hər zaman özü yaratmır".
Alim-filoloq Azərbaycan qadınının zəngin milli baş örtüyü ənənəsinin olduğunu xatırladıb:
"Burada əsas sual ortaya çıxır: Azərbaycanda bu gün "dini geyim" kimi təqdim edilən formaların nə qədəri həqiqətən bizim milli-mədəni ənənəmizə aiddir? Azərbaycan qadınının tarixən öz baş örtükləri olub: kəlağayı, örpək, yaylıq, yaşmaq, tülbənd və müxtəlif regional bağlama formaları. Bunların içərisində kəlağayı xüsusi yer tutur. İpəkdən hazırlanan, buta və nəbati naxışlarla bəzədilən kəlağayı yalnız geyim deyil, bütöv bir mədəniyyət nümunəsidir. Kəlağayı qadının başını və çiyinlərini örtür, üzünü isə açıq saxlayırdı. O, qadını görünməz etmirdi; əksinə, onun milli kimliyini, zövqünü və ictimai mövqeyini göstərirdi".
Publisist etirazının inanca deyil, başqa xalqların milli geyim modellərinin din adı altında mənimsənilməsinə olduğunu vurğulayıb:
"Bu gün küçələrimizdə daha çox İran çadoruna, ərəb əbayasına və başqa ölkələrdən gəlmiş hicab formalarına rast gəlirik. Bəzən bu geyimlər elə təqdim olunur ki, guya İslamın dəyişməz və yeganə forması məhz budur. Burada söhbət insanların dini seçiminə müdaxilə etməkdən getmir. Hər kəsin inanmaq, inancına uyğun geyinmək və həyat tərzi seçmək hüququ var. Ancaq dini seçimlə başqa xalqların milli geyim modelini mənimsəmək eyni şey deyil. İnsan örtünməyi seçə bilər, lakin bunun üçün mütləq İran çadoruna, ərəb əbayasına və ya Əfqanıstan burqasına bürünməli deyil. Mənim etirazım örtünməyə deyil, milli kimliyimizin dini görünüş adı altında başqa xalqların geyim modelləri ilə əvəzlənməsinədir".
Dosent kəlağayının həm də örtünmə vasitəsi kimi milli zövqə xidmət edə biləcəyini qeyd edərək fikirlərini belə yekunlaşdırıb:
"Niyə azərbaycanlı qadın örtünmək istəyəndə ərəb qadınına bənzəməlidir? Niyə onun qarşısına yalnız qara əbaya, çador və ya standartlaşdırılmış xarici hicab nümunələri qoyulmalıdır? Kəlağayı konkret məzhəbin və ya təriqətin geyimi deyil. O, Azərbaycan xalqının milli-etnoqrafik irsidir. Qadın öz inancına uyğun örtünərkən milli mədəniyyətini də yaşada bilər. Şəkilləri yanaşı qoyanda fərq aydın görünür: burqa Əfqanıstanı, çador İranı, niqab Ərəbistan yarımadasını, jilbab Cənub-Şərqi Asiyanı təmsil edir. Kəlağayı isə Azərbaycanı. İnanc insanın vicdanına, geyimin forması isə çox zaman onun mədəniyyətinə bağlıdır. Dini qorumaq üçün milli kimliyi itirmək tələb olunmur. Azərbaycan qadını örtünmək istəyirsə, öz kəlağayısı ilə də örtünə bilər. Çünki inanc başqa xalqa bənzəmək deyil; inanc insanın öz kimliyini itirmədən dəyərlərinə sadiq qalmasıdır", - deyə Şəmil Sadiq fikrini tamamlayıb.
Türkan İsgəndərli