Manatlıqlar yığıldı - Bakı ilə əlaqə dayandı
Sumqayıt–Ceyranbatan–Bakı istiqamətində ictimai nəqliyyatın təşkili ilə bağlı narazılıq yaranıb.
TodayPress TV xəbər verir ki, bunu ictimai fəal Elşad Məmmədli sosial şəbəkədə paylaşdığı yazıda bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə 1 manata sərnişindaşıma həyata keçirən “Hyundai” tipli avtobus və mikroavtobuslar xəttdən çıxarılıb:
“Ultra ağıllı”lar çox “möhtəşəm” iş görüblər: Sumqayıt–Ceyranbatan–Bakı marşrutu üzrə 1 manata işləyən “Hyundai” tipli avtobusları, mikroavtobusları dünəndən yığışdırıblar. Hansı ki, bu istiqamətdə insanları daha çox onlar daşıyırdılar. İndi yüzlərlə biçarə vətəndaş beləcə qalıb küçələrdə”, - deyə o bildirib.
Elşad Məmmədli qanuni reyslərin də sərnişin tələbatını qarşılamağa kifayət etmədiyini deyib. Onun sözlərinə görə, səhər saatlarında Ceyranbatandan Bakıya gedən sərnişinlər uzun müddət avtobus gözləməli olurlar.
“Ceyranbatanda düz 40 dəqiqəyə yaxındır, 06:58-dən 07:37-yə qədər nə 500 gəlir, nə 594, 595 saxlayır”, - o qeyd edib.
Onun sözlərinə görə, Ceyranbatanın nəqliyyat probleminin həlli üçün reyslərin artırılması gözlənildiyi halda, avtobusların xəttdən çıxarılması qəbuledilməzdir.
Müəllif Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə də müraciət edərək yaranmış vəziyyətə aydınlıq gətirilməsini istəyib.
Jalə Rövşən