Magistral yollarda geriyə dönmək müşkülə çevrilib: Yeni qovşaqlar tikiləcək? - TƏKLİF
Magistral yollarda hərəkət edən sürücülərin qarşılaşdığı ən böyük çətinliklərdən biri geriyə dönmə hissələrinin bir-birindən həddindən artıq uzaqda yerləşməsidir. Bu problem sürücülərin əlavə yürüş məsafəsi qət etməsinə, vaxt itirməsinə və lazımsız yanacaq sərfiyyatına yol açır.
TodayPress TV xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev yol infrastrukturunda təcili dəyişikliklərin edilməsinin vacibliyini vurğulayıb.
Ekspert qeyd edib ki, yaşayış məntəqələrinin yaxınlığında geriyə dönmə imkanlarının məhdud olması sürücülər üçün ciddi narahatlıq yaradır:
"Bir çox sürücü magistral yollarda, xüsusilə yaşayış məntəqələrinin yaxınlığında geriyə dönmə hissələrinin bir-birindən uzaq yerləşməsindən şikayətlənir. Bu, əlavə yürüş məsafəsinə, yanacaq sərfinə və vaxt itkisinə səbəb olur. Birinci dərəcəli avtomobil yollarında nəqliyyat axınları, bir qayda olaraq, müxtəlif səviyyəli yol qovşaqları vasitəsilə ayrılır. Lakin yaşayış məntəqələrinə giriş-çıxışların və geriyə dönmə ehtiyacının nəzərə alınması da yol infrastrukturunun planlaşdırılmasında mühüm amildir".
R.Ağamirzəyevin fikrincə, magistral yolların xüsusi hissələrində dərin təhlil aparılmalı və zəruri addımlar atılmalıdır:
"Hesab edirəm ki, magistral yolların, xüsusilə yaşayış məntəqələrindən keçən və ya onlara yaxın yerləşən hissələrinin təhlili aparılmalı, nəqliyyat axınının intensivliyi, qəza riski, əlavə yürüş məsafəsi və iqtisadi səmərəlilik nəzərə alınmaqla müxtəlif səviyyəli geriyə dönmə qovşaqlarının təşkili imkanları qiymətləndirilməlidir".
O, həmçinin əsas məqsədin hər yerdə kütləvi şəkildə yeni qovşaqlar tikmək olmadığını, əsas hədəfin təhlükəsizlik və səmərəlilik olduğunu vurğulayıb:
"Məqsəd hər yerdə yeni qovşaqlar tikmək deyil. Məqsəd zəruri nöqtələrdə nəqliyyat vasitələrinin təhlükəsiz və rahat geriyə dönüşünü təmin etmək, əsassız əlavə yürüşü azaltmaq və yol hərəkətinin ümumi təhlükəsizliyini artırmaqdır."
Sonda ekspert yol infrastrukturunun əsas funksiyasını xatırladıb:
"Yol infrastrukturu yalnız hərəkəti təmin etməməli, həm də hərəkəti təhlükəsiz, səmərəli və iqtisadi cəhətdən məqsədəuyğun təşkil etməlidir", - deyə mütəxəssis əlavə edib.
Türkan İsgəndərli