İslamda 3, 7, 40 mərasimləri yoxdur? – İlahiyyatçıdan XƏBƏRDARLIQ
Cəmiyyətdə vəfat edən şəxslərin ardınca keçirilən 3, 7, 40, 52 və il mərasimləri, eləcə də cümə axşamları ilə bağlı müzakirələr mütəmadi olaraq gündəmə gəlir. Belə ki, ilahiyyatçı Rafiq Əliyev bildirib ki, Məhəmməd Peyğəmbərin dövründə vəfat edən şəxslərlə bağlı 3, 7 və 40 mərasimlərinin keçirilməsi ənənəsi olmayıb. Onun sözlərinə görə, bu adətlər sonrakı dövrlərdə, xüsusilə sovet dövründə cəmiyyətimizdə formalaşıb.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan ilahiyyatçı Elşad Miri yas mərasimlərindəki bu vərdişlərin, dəfn adətlərinin və xüsusi günlərin İslamın mahiyyətinə tamamilə zidd olduğunu, bunların sadəcə xurafat və qədim adət-ənənələrdən qaynaqlandığını bildirib.

İlahiyyatçı vurğulayıb ki, Peyğəmbərin dövründə bu cür anlayışlar mövcud olmayıb:
"Ümumiyyətlə, Peyğəmbərin dövründə ölülərlə bağlı “3-ü”, “7-si”, “40-ı”, “52-si”, eləcə də müəyyən günlərdə, xüsusilə cümə axşamları mərasim keçirmək kimi anlayışlar mövcud olmayıb. Bunlar sonrakı dövrlərdə formalaşmış adət-ənənələrdir. Bu baxımdan, həmin mərasimlərin İslamın ilkin mənbələrində dini əsasının olmadığı söylənə bilər. Çünki İslamın əsas mətnlərində ölülərlə bağlı bu cür xüsusi gün və mərasimlərə dair bir göstəriş yoxdur".
Ekspert dəfn formalarından və ərəb adətlərinin din kimi sırınmasından söz açaraq fikirlərini belə davam etdirib:
""Ay bunu böyrü üstə basdıracaqsan, ay ağzı üstə basdıracaqsan, yoxsa dik vəziyyətdə basdıracaqsan; kəfənlə basdıracaqsan, yoxsa kəfənsiz" - bunların İslamla heç bir əlaqəsi yoxdur. Bunlar İslamdan əvvəl də mövcud olan adət-ənənələrdir. Sadəcə olaraq, həmin dövrün adət-ənənələrinə uyğun şəkildə bu qaydalar tətbiq olunub və sonradan bunlar İslamın bir parçası kimi təqdim edilib.
Təəssüf ki, bu gün də bəzən ərəb cəmiyyətinə məxsus adət-ənənələri İslam adı altında, dini bir hökm və ya İslamın tələbi kimi insanlara təqdim edənlər var. Halbuki bir məsələnin müəyyən bir cəmiyyətdə və ya tarixi dövrdə tətbiq olunması onun avtomatik olaraq dini hökm olması demək deyil".
Elşad Miri sonda digər müsəlman ölkələrində bu cür hallara rast gəlinmədiyini qeyd edərək maarifləndirməyə ehtiyac olduğunu diqqətə çatdırıb:
"Bəli, həqiqətən, bunu artıq deməkdən dilimizdə tük bitdi. İslamda “3-ü”, “7-si”, “40-ı”, “52-si” və sair kimi mərasimlərin heç bir dini əsası yoxdur. Bunlar sonrakı dövrlərdə formalaşmış adət-ənənələr, mövhumat və xurafat xarakterli inanclardır.
Məsələn, müsəlmanların yaşadığı müxtəlif ölkələrə baxın. Bizdəki bu adət-ənənələrin bir çoxu həmin cəmiyyətlərdə demək olar ki, yoxdur. Bu da göstərir ki, onların İslamın özündən daha çox, ayrı-ayrı xalqların yerli adət-ənənələri ilə bağlılığı var", - deyə o, fikrini tamamlayıb.
Türkan İsgəndərli