İş yerində qəza baş verəndə kim məsuliyyət daşıyır? - AÇIQLAMA

İş yerində qəza baş verəndə kim məsuliyyət daşıyır? - AÇIQLAMA
14.09.2026 15:42 Sosial

İş yerlərində təhlükəsizlik qaydalarının mövcudluğuna və bununla bağlı qanuni tələblərə baxmayaraq, istehsalatda bədbəxt hadisələr hələ də baş verir. Bəzən bir anlıq səhlənkarlıq və ya təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə təmin edilməməsi işçinin xəsarət alması, hətta həyatını itirməsi ilə nəticələnir. Belə hallarda isə məsuliyyət məsələsi və zərərçəkənlərin hüquqlarının necə qorunacağı gündəmə gəlir.

Bəs istehsalatda baş verən bədbəxt hadisələrə görə kim məsuliyyət daşıyır?

Məsələ ilə bağlı əmək məsələləri üzrə hüquqşünas Sahib Məmmədov TodayPress TV-yə danışarkən bildirib ki, mövcud qanunvericiliyə əsasən hər bir işə götürən işçilərini icbari sığorta ilə təmin etməlidir və baş verən hadisələrə görə birbaşa məsuliyyət daşıyır:

"İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri halları ilə icbari sığorta haqqında qanun var. Həmin qanuna görə, hər bir işə götürən işçilərini istehsalatda bədbəxt hadisə və peşə xəstəliyi hallarından sığortalamalıdır. İstehsalatda baş verən bədbəxt hadisəyə görə və ya peşə xəstəliyinə görə məsuliyyət işə götürənin üzərinə düşür. Yəni bədbəxt hadisə baş verəndə o, həm maddi məsuliyyət daşıyır, həm də zəruri, əgər ölüm halları varsa, çoxdursa və aşkar günah varsa, onda cinayət məsuliyyəti də daşıyır".

Lakin Sahib Məmmədov qeyd edib ki, əsas çətinliklərdən biri qeyri-rəsmi çalışan işçilərlə bağlıdır və belə hallarda kompensasiya almaq üçün məhkəmə yolu əsas vasitəyə çevrilir:

"Yəni belə deyək, hamısı qanunla tənzimlənir. Başqa məsələ odur ki, bir çox işçilərlə əmək müqaviləsi ilə işləmir və onların, təbii ki, sığortası yoxdur. Belə də işə götürən ödəmir və bu halda gərək məhkəmə vasitəsilə o şəxs sübut eləsin ki, istehsalatda bədbəxt hadisə baş verib, onun nəticəsində xəsarət alıb, yaxud vəfat edibsə, onun ailə üzvləri bunu etməlidir ki, kompensasiyalar alsınlar", - deyə hüquqşünas fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

İş yerində qəza baş verəndə kim məsuliyyət daşıyır? - AÇIQLAMA — 1
XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər