İlin sonuna kommunal xərclər bahalaşacaq? - AÇIQLAMA
Oktyabrın 1-dən etibarən ölkədə internet tarifləri artırılacaq. Bu qərar cəmiyyətdə ilin sonuna qədər digər kommunal xidmətlərin də bahalaşacağı ilə bağlı narahatlıqlara yol açıb. Əhalini düşündürən əsas məsələ telekommunikasiya sahəsindəki qiymət dəyişikliyinin elektrik, su, qaz və istilik xidmətlərinə sirayət edib-etməyəcəyidir.
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, internet tariflərinin qalxması kommunal xidmətlərdə də ilin sonuna qədər mütləq qiymət artımının olacağı anlamına gəlmir.
Ekspert hər bir xidmət üzrə qərarların fərqli mexanizmlərlə qəbul edildiyini diqqətə çatdırıb:
"İnternet tariflərinin oktyabrın 1-dən artırılması kommunal xidmətlərdə də ilin sonuna qədər mütləq qiymət artımı olacaq demək deyil. Hər xidmət üzrə tarif qərarı ayrıca qəbul olunur və bunun üçün həmin sahədə xərc strukturu, xidmətin maya dəyəri, dövlət subsidiyaları və tənzimləyici qərarlar nəzərə alınır. Bununla belə, kommunal tariflərdə artım ehtimalını tam istisna etmək də olmaz. Xüsusilə enerji, su, istilik və digər infrastruktur xidmətlərində uzun müddət dəyişməyən tariflərlə real xərclər arasında fərq yaranırsa, tariflərin mərhələli şəkildə yenidən nəzərdən keçirilməsi gündəmə gələ bilər. İnfrastrukturun yenilənməsi və xidmət keyfiyyətinin yüksəldilməsi üçün əlavə maliyyəyə ehtiyac da tarif siyasətinə təsir edən amillərdəndir".
İqtisadçı vurğulayıb ki, telekommunikasiya sektoru ilə sosial xarakterli kommunal xidmətlər arasında ciddi fərqlər var və onları eyniləşdirmək düzgün deyil:
"Amma burada internetlə kommunal xidmətləri eyniləşdirmək düzgün deyil. Sabit internet telekommunikasiya xidmətidir və onun tarifləri bazardakı operatorların xərcləri, investisiya ehtiyacı və tənzimləyici qərarlarla müəyyənləşir. Elektrik, qaz, su və istilik isə daha çox sosial əhəmiyyət daşıyan, dövlət tərəfindən daha ciddi tənzimlənən xidmətlərdir. Ona görə internet tarifindəki artımı avtomatik olaraq digər kommunal xidmətlərdə də qiymət artımının başlanğıcı kimi qəbul etmək olmaz".
Sədr mümkün tarif dəyişikliklərinin əhalinin sosial vəziyyətinə və gündəlik yaşayış xərclərinə göstərəcəyi təsirə də toxunub:
"İlin sonuna qədər kommunal tariflərdə dəyişiklik baş verərsə, bunun əsas təsiri əhalinin gündəlik xərclərinə olacaq. Xüsusilə aşağı və orta gəlirli ailələr üçün internet, enerji, su və digər məcburi ödənişlərin eyni dövrdə artması ümumi yaşayış xərclərini yüksəldə bilər. Buna görə mümkün tarif dəyişiklikləri zamanı əsas məsələ yalnız xidmətlərin maya dəyərinin deyil, əhalinin gəlirlərinin və sosial yükünün də nəzərə alınmasıdır".
Mütəxəssis sözlərini yekunlaşdıraraq bildirib ki, hazırda rəsmi bir qərar olmasa da, iqtisadi amillər diqqətdə saxlanılmalıdır:
"Hazırda konkret qərar olmadan ilin sonuna qədər kommunal qiymətlərin artırılacağını demək düzgün olmaz. Lakin internet tariflərinin ardınca digər tənzimlənən xidmətlər üzrə də tariflərin iqtisadi əsaslarının yenidən qiymətləndirilməsi ehtimalı diqqətdə saxlanılmalıdır", - deyə Akif Nəsirli qeyd edib.
Türkan İsgəndərli