Gel dırnaqlar sonsuzluq riski yaradır? Həkimlərdən ciddi xəbərdarlıq
Sosial
12.12.2025 19:45
Son illər geniş yayılan gel dırnaq boyalarının tərkibindəki bəzi kimyəvi maddələr reproduktiv sağlamlığa təsir edə bilər.
TodayPress TV "Haber Türk"ə istinadən xəbər verir ki, bu barədə ginekologiya və in vitro gübrələmə üzrə mütəxəssis, dosent Dr. Nur Dokuzeylül Güngör məlumat verib.
Həkim bildirib ki, gel dırnaq boyalarında elastiklik və davamlılıq üçün istifadə olunan ftalatlar endokrin sistemi poza və embrionun inkişafına mənfi təsir göstərə bilər. Toluol adlı digər komponent isə menstrual dövrün pozulması ilə əlaqələndirilir. Formaldehid kimi sərtləşdirici maddələr də yüksək təsir altında hormon balansına və yumurtalıq funksiyasına təsir göstərə bilər.
Güngörün sözlərinə görə, gel dırnaq boyasının birbaşa sonsuzluğa səbəb olduğunu sübut edən dəqiq elmi nəticələr olmasa da, xüsusilə gözəllik mütəxəssisləri kimi kimyəvilərə gündəlik məruz qalan şəxslərdə menstrual pozuntular, aşağı yumurtalıq ehtiyatı və erkən menopoz hallarının daha çox müşahidə olunduğu tədqiqatlarda göstərilib.
O əlavə edib ki, UV/LED cihazlarının yaydığı aşağı dozalı UV-A işığı dəriyə zərər verə bilər, lakin yumurtalıq funksiyasına təsiri birbaşa sübut olunmayıb. Buna baxmayaraq, uzunmüddətli və müntəzəm məruz qalma risk yarada bilər.
Mütəxəssis xəbərdar edib ki, xüsusilə hamiləlik planlaşdıran və ya IVF müalicəsinə hazırlaşan qadınlar kimyəvi təsirdən maksimum uzaq durmalıdırlar. Onun sözlərinə görə, gel dırnaq boyasından tam imtina tələb olunmur, lakin istifadənin tezliyini azaltmaq, tərkibi daha təhlükəsiz olan məhsulları seçmək və tətbiq zamanı yaxşı havalandırma təmin etmək vacibdir.
Dr., həmçinin bildirib ki, vaxtaşırı istifadə ciddi risk yaratmır, problem əsasən illərlə davam edən müntəzəm və yüksək məruz qalma zamanı ortaya çıxır.
Jalə Rövşən
tag: Gel ,Dırnaq ,Sonsuzluq,Həkim ,Todaypress.tv,
