Ev məhsullarının satışına qadağa gəlir? - AQTA-dan rəsmi açıqlama

Ev məhsullarının satışına qadağa gəlir? - AQTA-dan rəsmi açıqlama
23.09.2026 09:33 Sosial

Son zamanlar sosial şəbəkələrdə və bəzi media resurslarında ev şəraitində hazırlanaraq satışa çıxarılan qida məhsullarına görə vətəndaşlardan sertifikat tələb olunacağı və sertifikatsız satış edənlərin kəskin cəzalandırılacağı barədə şayiələr yayılıb. Cəmiyyətdə ciddi narahatlıq yaradan bu iddialara rəsmi cavab gecikməyib.

TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov yayılan məlumatların tamamilə yalan olduğunu bildirib və məsələnin hüquqi-praktiki tərəflərinə aydınlıq gətirib.

AQTA rəsmisi vurğulayıb ki, hazırda ev məhsulları üçün hər hansı sertifikat tələbi və ya cərimə tətbiqi nəzərdə tutulmur:

"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir. Dövlət Proqramına əsasən, 2028-ci ildən bu sahədə tənzimləmə tədbirlərinin görülməsi nəzərdə tutulub. Lakin təkrar edirəm ki, hansısa sertifikat tələbi yoxdur. Əksinə, bu sahədə fəaliyyət göstərən şəxslərə bazara çıxış imkanları yaradılacaq. Hazırda belə mexanizm yoxdur. Ən əsası isə insan sağlamlığıdır, istehlaka təqdim ediləcək ev şəraitində konservləşdirilmiş qidaların təhlükəsizliyi təmin olunacaq. Çünki təhlillərə görə, məişətdə baş verən zəhərlənmələrin 47%-i mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub".

İlkin Kərimov zəhərlənmə statistikasına diqqət çəkərək tənzimləmə mexanizminin zəruriliyini statistik rəqəmlərlə əsaslandırıb:

"AQTA tərəfindən insanların həyat və sağlamlığının qorunması, təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, həmçinin qida zəhərlənmələri hadisələrinin minimuma endirilməsi istiqamətində kompleks tənzimləmə və nəzarət tədbirləri həyata keçirilməkdədir. Aparılan təhlillər və statistik rəqəmlər göstərir ki, 2024-2025-ci illər və cari ilin ilk 8 ayı ərzində ölkə üzrə təsdiq olunmuş 241 qida zəhərlənməsi hadisəsinin 137-si məişət zəminində baş verib. Bu da ümumi hadisələrin 57 %-i təşkil edir. Eyni zamanda, həmin hadisələrin 47 %-i mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub. İzlənilə bilinməyən həmin məhsullardan baş verən qida zəhərlənmələrinin qarşısının alınması, qida təhlükəsizliyinin təmin edilməsi, o cümlədən bu məhsulların bazara yerləşdirilməsi ilə bağlı tənzimlənmələrə ehtiyac var."

Sektor müdiri dövlətin bu istiqamətdəki gələcək planlarını və dəstək mexanizmlərini açıqlayaraq fikirlərini yekunlaşdırıb:

"Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş 'Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı'nda ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizminin formalaşdırılması nəzərdə tutulub. Proqramda tədbirin icra müddəti 2028–2032-ci illəri əhatə edir. Bu çərçivədə həmin məhsulların bazara yerləşdirilməsi ilə bağlı mexanizmə dair təkliflərin hazırlanması, hüquqi bazanın formalaşdırılması və tənzimləmə mexanizminin tətbiqi planlaşdırılır. Məqsəd ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan məhsulların bazarlara çıxışı təmin etməklə biznesə dəstək üçün şərait yaratmaq, ən əsası isə istehlakçıların mənşəyi bilinməyən qidalardan zəhərlənmə riskindən qorunması ilə insan həyat və sağlamlığına töhfə verməkdir. Sonda bildiririk ki, ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələbi, cərimələrin tətbiqi kimi yanlış məlumatların yayılması cəmiyyətin həssas təbəqəsini çaşdırmağa hesablanmış cəfəng məlumatlardır".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər