Bakının real əhalisi statistikaları aşdı - İqtisadçı sıxlığın səbəbini açıqladı

Bakının real əhalisi statistikaları aşdı - İqtisadçı sıxlığın səbəbini açıqladı
22.09.2026 13:19 Sosial

Bakı şəhərində günbəgün ağırlaşan tıxac və infrastruktur gərginliyi fonunda paytaxtın real əhali sayının rəsmi statistikadan kəskin fərqləndiyi barədə müzakirələr yenidən alovlanıb. Rəsmi olaraq Bakı əhalisi 2,3 milyon nəfər göstərilsə də, gündəlik nəqliyyat, təhsil və yaşayış yükü şəhərdə faktiki olaraq dəfələrlə çox insanın cəmləşdiyini nümayiş etdirir.

TodayPress TV xəbər verir ki, mövzunu iqtisadçı Eldəniz Əmirov təhlil edib.


O bildirib ki, Bakının real əhalisini hesablamaq üçün kommunal xidmətlər, səhiyyə və mənzil fondu kimi göstəricilərdən istifadə etmək olar. Amma burada xəta payı yüksək olur. 

"Nisbətən daha real mənzərəni mobil operatorların məlumatları və ya şagird sayı verə bilər. Mobil operatorların məlumatları açıq deyil, şagird sayı isə rəsmi mənbələrdə var. Buna görə hesablamanı şagird sayı üzərindən apardım və maraqlı nəticə alındı. Hazırda Bakıda 354 dövlət ümumtəhsil məktəbində 543 mindən çox şagird təhsil alır. Özəl məktəbləri də nəzərə aldıqda bu say 560 min nəfəri keçir. Bu məsələdə Abşeron rayonunu Bakıdan ayırmaq olmaz. O, faktiki olaraq Bakı aqlomerasiyasının tərkibidir. Burada isə 62,5 mindən çox şagird təhsil alır. Beləliklə, Bakı və Abşeronda məktəblilərin sayı təxminən 623 min nəfərə çatır".

Ekspert ölkə üzrə şagird nisbətini ümumi əhaliyə tətbiq edərək şok edici real rəqəmi açıqlayıb:

"Müqayisə üçün hazırda ölkədə təxminən 1,6 milyon şagird təhsil alır. Yəni ölkədə şagirdlərin 39%-i Bakı və Abşeronun payına düşür. Hazırda ölkədə əhalinin sayı təxminən 10,2 milyon nəfərdir və 39%-lik nisbəti əhaliyə tətbiq etdikdə Bakı və Abşeronda faktiki yaşayan əhalinin sayı təxminən 4 milyon nəfər alınır. Bir daha qeyd edim ki, bu siyahıyaalma deyil, şagirdlərin sayı əsasında aparılan proporsional hesablamadır".

İqtisadçı son 10 il ərzində baş verən kəskin artım dinamikasına və tələbə miqrasiyasına diqqət çəkib:

"Son 10 ilin dinamikası daha ciddidir. 2015-2016-cı ildə Bakı və Abşeronda təxminən 410 min şagird var idisə, hazırda bu rəqəm 623 minə çatıb. Artım 52%-dir. Eyni dövrdə ölkə üzrə şagird sayı cəmi 18% artıb. Yəni Bakı və Abşeronda artım ölkə üzrə göstəricidən təxminən 3 dəfə yüksəkdir. Bu da əhalinin Bakı aqlomerasiyasında sürətlə cəmləşdiyini göstərir. Məsələ bununla da bitmir. Son 10 ildə ölkədə tələbə sayı 161,2 mindən 261,6 minə, yəni 62,3% və ya 100 min artıb. Ali məktəblərin əsas hissəsinin Bakıda yerləşdiyini nəzərə alsaq, bu artımın təxminən 80 min nəfəri Bakının payına düşür. Bununla yanaşı, regionlardan təbii miqrasiya, remiqrasiya, təhsil üçün gəlib, tələbəlikdən sonra Bakıda qalanlar və son illərdə tələbələrin ardınca ailələrin də Bakıya köçməsi halının artması əhalinin paytaxtda cəmləşməsini artırıb".

Mütəxəssis şəhərin coğrafi və infrastruktural məhdudiyyətlərini qeyd edərək çıxışının sonunda dövlət qurumlarına mühüm təkliflə müraciət edib:

"Üstəlik, Sumqayıtdan hər gün işləmək və təhsil üçün Bakıya gələnlər də şəhərin nəqliyyat və infrastrukturundan istifadə edir. Yəni Bakının gündəlik əhali yükü burada faktiki yaşayanların sayından da yüksəkdir. Bakının inzibati ərazisi 2,2 min kv. km olsa da, sıx məskunlaşma daha kiçik ərazidə və əsas nəqliyyat dəhlizləri boyunca formalaşıb. Bu isə yüksək əhali yükünün nəqliyyat sisteminə təsirini daha da artırır. Bakının tıxac probleminin həlli Bakıda deyil. Təklif edirəm ki, hökumət mobil operatorların anonimləşdirilmiş və aqreqasiya olunmuş məlumatları əsasında Bakı və ətrafında faktiki yaşayan əhalinin sayını dəqiqliyə yaxın müəyyənləşdirsin. Bu məlumat ictimaiyyətə açıqlanmasa belə, regional inkişaf proqramlarının hazırlanması və şəhər infrastrukturunun düzgün planlaşdırılması baxımından olduqca vacib datadır", - deyə E.Əmirov qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər