Bakıda tıxacın kökündə nə dayanır?: "Heç kim məsuliyyət daşımaq istəmir"- Natiq Cəfərli

Bakıda tıxacın kökündə nə dayanır?: "Heç kim məsuliyyət daşımaq istəmir"- Natiq Cəfərli
14.09.2026 14:05 Sosial

"Paytaxtda illərdir müzakirə olunan tıxac probleminin aradan qaldırılması üçün kosmetik tədbirlərin deyil, fundamental addımların atılması vacibdir".

TodayPress TV xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyat əlçatan, tez və komfortlu olmalı, Bakının yükü azaldılmalı, yol infrastrukturu yaxşılaşdırılmalıdır.

"Səlahiyyət və məsuliyyətin eyni ünvanda olması üçün seçkili Bakı Böyük Şəhər Bələdiyyəsi və şəhər hökuməti formalaşdırılmalıdır, çünki hazırda Bakı pərakəndə idarə olunur və hər kəsin səlahiyyəti olsa da, heç kim məsuliyyət daşımaq istəmir".

Son dövrlər tıxacların azaldılması məqsədilə gündəmə gətirilən çevik iş saatlarının tətbiqi məsələsinə toxunan iqtisadçı bu addımın işlək olmasının çətin olduğunu vurğulayıb:

"İndi də təklif edilir ki, Bakıda çevik iş saatları tətbiq edilsin – ilk baxışdan məntiqli görünsə də, işlək olması çətindir. Əvvəla, bunu ancaq dövlət-büdcə təşkilatlarında etmək olar, özəl sektorda bu, çətin məsələdir".

Ekspert qeyd edib ki, iş qrafiklərinin dəyişdirilməsi işləyən valideynlər üçün ciddi problemlər yarada bilər:

"Gələk indi məsələnin doğura biləcəyi problemlərə, işləyən valideynlər məktəblər saat 8-də başladığı üçün uşaqlarını məktəbə qoyub, sonra işə gedirlər. Yaxşı, məsələn, valideynə dedilər ki, iş saat 07:00-də başlayacaq, ya da 10:00-da, o zaman o nə etsin? Ölkədə "SchoolBus" sistemi yoxdur ki, uşaqlar məktəbə gedib-gələ bilsinlər, və ya heç də həmişə evə yaxın yerdə məktəblərdə yer tapmaq olmur. O zaman valideyn nə etsin?!".

Natiq Cəfərli hesab edir ki, iş qrafiki məsələsini həssas və nöqtəli təyin etmək lazımdır və bu, tıxac ilə ictimai nəqliyyatdakı sıxlıq problemini kökündən aradan qaldıran amil olmayacaq.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər