Bakıda tıxac probleminin həlli - "Artıq gecdir, vaxtında görülməli işlər..."
Son illər Bakı şəhərində əhali və nəqliyyat sıxlığının artması, eləcə də regionlardan paytaxta axının davam etməsi şəhər infrastrukturunu kəskin gərginləşdirib. İnsanların iş, təhsil və səhiyyə imkanlarına görə məcburi şəkildə Bakıya üz tutması məsələnin həlli üçün hansı adımların atılmalı olduğu sualını yenidən gündəmə gətirir.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Bakıda sıxlığın qarşısını almaq üçün vaxtında atılmalı olan addımlar təxirə salındığı üçün hazırda optimal həll yolu tapmaq həddindən artıq çətindir.
Deputat bu istiqamətdə mövcud imkanların əldən verildiyini vurğulayıb:
"Hesab edirəm ki, artıq bu məsələ ilə bağlı hər hansı təklif irəli sürmək üçün gecdir. Vaxtında mövcud olan imkanlar və fürsətlər, məncə, artıq itirilib. İndi yenidən hansı universiteti köçürəcəksən, hansı yolu açacaqsan, hansı yolu genişləndirəcəksən? Yəni Bakıda bunu həyata keçirmək artıq, demək olar ki, mümkünsüzdür".
Fazil Mustafa problemin əsas səbəblərindən birinin regionlarda sahibkarlığın və iş imkanlarının lazımi səviyyədə inkişaf etdirilməməsi olduğunu bildirib:
"Vaxtında bu köç məsələsinə baxılmalı idi. Bölgələrdə, xüsusilə də sahibkarlıq elə səviyyədə inkişaf etdirilməlidir ki, insanlar iş yeri səbəbindən yaşadıqları regionlardan çıxaraq Bakıya gəlməsinlər. Hazırda bu, kifayət qədər ciddi problemdir və getdikcə bu problemin qarşısını almaq daha da çətinləşir", - deyə parlamentari qeyd edib.
Türkan İsgəndərli