“AzerGold” Kəlbəcərə həsr olunmuş sikkələri təqdim etdi

“AzerGold” Kəlbəcərə həsr olunmuş sikkələri təqdim etdi
01.10.2026 10:33 Sosial

“AzerGold” QSC Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş xatirə sikkələri kolleksiyasını təqdim edib.

TodayPress TV xəbər verir ki, kolleksiyanın hazırlanmasında Kəlbəcərin tarixi, təbiəti, mədəni irsi, folkloru və xalq yaradıcılığını əks etdirən milli ornamentlərdən istifadə olunub.

Sikkənin əsas kompozisiya elementlərindən biri XIX əsrin sonlarına aid Kəlbəcərin qədim xovsuz məfrəşinin ornamentidir. Ətraf haşiyədə isə bölgənin qədim arıçılıq ənənələrinə və məşhur dağ balına işarə edən arı pətəyi motivindən istifadə edilib.

Sikkənin yuxarı və aşağı hissəsində yerləşən 17 simmetrik xətt isə ənənəvi sazın pərdələrini simvolizə edir. Bu element Kəlbəcərin aşıq sənəti və saz ifaçılığı ənənələrinə istinad edir.

Bildirilib ki, kolleksiyanın konsepsiyasında Kəlbəcərin tarixi yaddaşı ilə yanaşı, bölgənin yenidən dirçəlişi və gələcəyə baxışı da əks olunub.

Yeni kolleksiya Azərbaycanda hasil edilən 999.9 əyarlı qızıl və gümüşdən müxtəlif çəkilərdə hazırlanıb. Qızıl sikkələr 5, 10 və 20 qram, gümüş sikkə isə 20 qram çəkidə təqdim olunur.

Qeyd edilib ki, Kəlbəcərə həsr olunmuş sikkələri “AzerGold”un Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və Mübadilə Mərkəzindən, həmçinin şirkətin onlayn satış platformasından əldə etmək mümkündür.

Qeyd edək ki, “AzerGold”un təşəbbüsü ilə Azərbaycanda hasil olunan qızıl və gümüşdən xatirə sikkələri və qızıl külçələrin istehsalına 2018-ci ildə başlanılıb. Məhsullar 2019-cu ildən yerli pərakəndə satış bazarına təqdim edilir. Hazırda şirkətin məhsul portfelində 15 qızıl və 12 gümüş olmaqla, ümumilikdə 27 kolleksiya yer alır.


XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər