Azərbaycanlılar ən çox nəyə pul xərcləyir? - SORĞU
Azərbaycanda son 5 ildə adambaşına düşən aylıq gəlir təxminən 100 manat artıb. Bəs bu artım insanların gündəlik xərclərində necə əks olunub və 2025-ci ildə bir nəfərin qazandığı pul əsasən hara gedib?
TodayPress TV-nin sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ildə ölkə üzrə adambaşına aylıq gəlir 291,4 manat olduğu halda, 2025-ci ildə bu rəqəm 388,9 manata yüksəlib. Yəni 5 il ərzində aylıq gəlir 97,5 manat artıb.
Amma eyni dövrdə xərclər də yüksəlib. 2020-ci ildə adambaşına aylıq istehlak xərci 297,8 manat olduğu halda, 2025-ci ildə 384,4 manata çatıb.
Başqa sözlə, 2025-ci ildə orta hesabla adambaşına düşən aylıq gəlirlə istehlak xərci arasındakı fərq cəmi 4,5 manat olub.
Pulun ən böyük hissəsi yeməyə gedir
2025-ci ildə Azərbaycanda adambaşına aylıq istehlak xərclərinin ən böyük hissəsini qida məhsulları təşkil edib.
Bir nəfər ay ərzində orta hesabla qidaya 164,8 manat xərcləyib. Bu, bütün istehlak xərclərinin 42,9 faizidir.
Yəni orta hesabla 100 manatlıq istehlak xərcinin təxminən 43 manatı ərzağa gedib.
Sonrakı xərclər arasında kommunal xidmətlər, ev əşyaları, nəqliyyat və restoran-kafe xidmətləri yer alıb.
2025-ci ildə adambaşına aylıq:
• su, elektrik, qaz və digər yanacağa – 29,6 manat;
• ev əşyaları və məişət texnikasına – 28,6 manat;
• mehmanxana, kafe və restoran xidmətlərinə – 28 manat;
• nəqliyyata – 26,7 manat;
• səhiyyəyə – 20,1 manat;
• geyim və ayaqqabıya – 22,4 manat;
• rabitəyə – 13,2 manat;
• istirahət və mədəniyyətə – 16,1 manat;
• təhsilə isə 6,4 manat xərclənib.
Şəhərdə qazanc çoxdur, kənddə isə gəlirin mənbəyi fərqlidir
Şəhər və kənd arasında da nəzərəçarpan fərq var.
2025-ci ildə şəhər yerlərində adambaşına aylıq gəlir 404,7 manat, kənd yerlərində isə 370 manat olub.
Şəhərdə əsas gəlir mənbəyi muzdlu işdir. Şəhər əhalisinin gəlirlərinin 45,6 faizi əməkhaqqından formalaşıb.
Kənd yerlərində isə vəziyyət fərqlidir. Burada gəlirlərin 43,1 faizi özünüməşğulluğun payına düşüb. Kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərin payı isə 20,5 faiz təşkil edib.
Bu rəqəmlər şəhər və kənd əhalisinin gəlir strukturunun bir-birindən xeyli fərqləndiyini göstərir.
Bəs 5 ildə nə dəyişib?
2020-ci ildə ölkə üzrə gəlirlərin 35,7 faizi muzdlu işdən əldə edilirdisə, 2025-ci ildə bu göstərici 37,6 faizə yüksəlib.
Özünüməşğulluqdan gəlirlərin payı isə 33,7 faizdən 32,4 faizə enib.
Eyni zamanda, cari transfertlərin, o cümlədən pensiya, müavinət və digər sosial ödənişlərin ümumi gəlirlərdə payı 19,7 faizdən 20,8 faizə yüksəlib.
İstehlak xərclərində isə qidanın payı 2020-ci ildə 44 faiz olduğu halda, 2025-ci ildə 42,9 faizə düşüb. Bununla belə, qidaya xərclənən nominal məbləğ 130,8 manatdan 164,8 manata yüksəlib.
Beləliklə, rəqəmlər göstərir ki, son beş ildə Azərbaycanda həm adambaşına düşən gəlir, həm də xərclər artıb. 2025-ci ilin göstəricilərində isə bir detal xüsusilə diqqət çəkir: orta aylıq gəlirlə orta aylıq istehlak xərcləri arasındakı fərq olduqca kiçikdir – cəmi 4,5 manat.
Kübra Musayeva