Azərbaycanda ailələr kreditlə yaşayır: Kredit götürənlərin sayı niyə artır?

Azərbaycanda ailələr kreditlə yaşayır: Kredit götürənlərin sayı niyə artır?
22.09.2026 16:21 Sosial

Son illərdə Azərbaycanda əhalinin banklara və digər kredit təşkilatlarına borclanması artım tempini saxlayır. 

TodayPress TV xəbər verir ki, Mərkəzi Bankın məlumatlarına əsasən, 2026-cı ilin ortalarına doğru bankların ümumi kredit portfeli 32 milyard manatı keçib.

Bunun əhəmiyyətli hissəsini məhz fiziki şəxslərə yəni vətəndaşlara verilən kreditlər təşkil edir.

Bankların kredit portfelində biznes kreditləri hələ də üstünlük təşkil edir (təxminən 54 faiz). Lakin əhaliyə yönələn kreditlər də xeyli çəkiyə malikdir. İstehlak kreditləri portfelin təxminən 31 faizini, ipoteka kreditləri isə 15 faizə yaxınını təşkil edir.

İstehlak kreditlərinin artım tempi xüsusilə diqqət çəkir. Bu kreditlər əsasən gündəlik ehtiyaclar, məişət texnikası, təmir işləri, təhsil və tibbi xərclər üçün götürülür. İpoteka kreditləri isə mənzil almaq istəyən ailələr arasında yayılıb və daha uzunmüddətli xarakter daşıyır.

Mərkəzi Bankın Maliyyə Sabitliyi hesabatlarına görə, 2026-cı ilin əvvəlində əhalinin borc yükünün sərəncamda qalan gəlirlərə nisbəti 18,4 faizə çatıb. Bu o deməkdir ki, orta hesabla ailələrin aylıq gəlirinin təxminən beşdə biri kredit ödənişlərinə gedir.

Daha əvvəlki illərlə müqayisədə bu göstərici artıb. 2020-ci ildə adambaşına düşən orta aylıq kredit ödənişi 93 manat ətrafında idisə, 2024-cü ildə bu rəqəm 200 manatı keçib. Yəni son 4-5 ildə ailələrin kredit ödənişlərinə ayırdığı məbləğ təxminən iki dəfədən çox artıb.

Kreditlərin böyük əksəriyyəti uzunmüddətlidir. Ümumi kredit portfelinin 80 faizdən çoxu uzunmüddətli kreditlərdən ibarətdir. İstehlak kreditləri adətən 1-5 il müddətinə, ipoteka kreditləri isə 10-25 il müddətinə verilir. 

Kreditə müraciət edənlərin böyük əksəriyyəti buna məcburiyyət qarşısında qalsa da, yalnız göstəriş xatirinə borclananların sayı da az deyil. Bəziləri sırf ətrafına nümayiş etdirmək üçün son model telefon alır, bəziləri brend geyimlərə üstünlük verir, bəziləri isə "qarın qardaşdan irəlidir" deyərək lüks restoranda yemək yemək üçün belə kredit və ya hissə-hissə ödəniş imkanlarından istifadə edir. Nəticədə bu, gələcəkdə böyük borcların yaranmasına gətirib çıxarır. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər