20 nəfər azadlığa buraxılır: Bu əfv əvvəlkilərdən nə ilə fərqlənir? - AÇIQLAMA
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan 20 şəxs cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Məsələnin hüquqi mahiyyəti, sərəncamın xüsusiyyətləri ilə bağlı TodayPress TV-yə danışan “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, əfv sərəncamları hüquqi baxımdan fərdi xarakter daşıyır.
Onun sözlərinə görə, əfv sərəncamları hüquqi mahiyyətinə görə eynidir:
"Yəni bu, Konstitusiya ilə Prezidentə verilmiş müstəsna səlahiyyət əsasında konkret şəxslər barəsində tətbiq olunan fərdi hüquqi aktdır. Amma əfv sərəncamları əhatə etdiyi şəxslərin sayı, cəza növləri, tətbiq olunan güzəştlərin həcmi və qəbul olunduğu ictimai-siyasi şərait baxımından bir-birindən fərqlənə bilər. Əfv sərəncamlarının tarixinə baxsaq, bəzi sərəncamlar yüzlərlə şəxsi azad etmiş və müəyyən bayramlar və ya əlamətdar tarixlərə təsadüf etmişdir. Elə sərəncamlar da var ki, daha məhdud və konkret xarakter daşıyıb. Hətta bir-iki nəfərin əfv olunduğu sərəncamları da xatırlamaq mümkündür".
Hüquqşünas sərəncamın icra formalarına və amnistiya ilə fərqinə diqqət çəkib:
"Bir sərəncamla məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilə bilər. Başqa bir halda cəza müddəti azaldıla bilər, yaxud şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzadan azad oluna bilər. Əlbəttə, əfvi heç vaxt amnistiya ilə qarışdırmaq olmaz. Bunlar bir-birindən fərqli hüquqi aktlardır. Amnistiya müəyyən kateqoriyalara, əfv isə adları ayrıca göstərilən şəxslərə tətbiq edilir və fərdi müraciətlər əsasında cənab Prezident tərəfindən qəbul olunur".
Fond rəhbəri bu sərəncamın daha konkret və seçici xarakter daşıdığını vurğulayıb:
"Bugünkü sərəncam 20 nəfəri əhatə edir. Onlardan 19-u azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, bir nəfər isə azadlığın məhdudlaşdırılması cəzasının qalan hissəsindən azad olunub. Bu əfv sərəncamında ölkə vətəndaşları ilə yanaşı, əcnəbilər də əfv olunublar. Doğrudur, say baxımından əvvəlki genişmiqyaslı əfv sərəncamlarından fərqlənsə də, bu heç bir halda qərarın əhəmiyyətini azaltmır. Əksinə, sərəncamın daha konkret və seçici xarakter daşıdığını göstərir. Sərəncamın hər hansı bayram ərəfəsində imzalanmaması da hüquqi baxımdan qeyri-adi hal deyil. Əfv səlahiyyətlərinin həyata keçirilməsi qanunla Yeni il, Novruz və ya digər əlamətdar tarixlərlə məhdudlaşdırılmayıb. Müraciətlərə baxıldıqdan və hər bir məhkumun vəziyyəti fərdi qaydada qiymətləndirildikdən sonra belə qərar istənilən vaxt verilə bilər".
Əliməmməd Nuriyev Prezidentin əfv sərəncamının təqdirəlayiq olduğunu bildirib:
"Cənab Prezidentin təşəbbüsü ilə bu əfv sərəncamının 20 şəxsə tətbiqi prosesi bu gündən başlanılıb və yəqin ki, çox yaxın vaxtda icrası başa çatacaq. Göründüyü kimi, yenə də ailələr sevinir. Hesab edirəm ki, belə əfv sərəncamlarının verilməsi cənab Prezidentin fəaliyyətində və siyasətində humanizm və mərhəmət prinsiplərinə nə qədər önəm verildiyinin növbəti göstəricisidir".
Qeyd edək ki, sərəncam imzalandığı gündən qüvvəyə minir.
Türkan İsgəndərli