Zahid Oruc: "Dağa-daşa düşməyə" ehtiyac yoxdur
Siyasət
01.05.2026 15:58
“Vətəndaş artıq ayrı-ayrı qurumların saytlarını axtarmağa məcbur qalmır”.
Bunu Milli Məclisin deputatı Zahid Oruc TodayPress TV-yə açıqlamasında deyib.
O qeyd edib ki, dövlət-vətəndaş münasibətləri Konstitusiyanın birinci maddəsində təsbit olunan “hakimiyyətin mənbəyi xalqdır” prinsipi üzərində qurulur:
"Ana Qanun hər bir vətəndaşın hüquq və azadlıqlarının, eləcə də rifahının təmin edilməsi üçün dövlət orqanlarının üzərinə mühüm vəzifələr qoyur. Konstitusion öhdəliklərin yerinə yetirilməsində vətəndaş müraciətləri xüsusi yer tutur, çünki bu müraciətlər cəmiyyətin real vəziyyətini və dövlətin sosial, iqtisadi və idarəetmə siyasətinin nəticələrini əks etdirir. Bu mənada vətəndaş müraciətləri dövlət siyasətinə ictimai münasibətin barometridir və idarəetmənin effektivliyini ölçən əsas indikatorlardan biridir".
Deputat bildirib ki, Ali icra hakimiyyətinə – Prezidentə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarına ünvanlanan müraciətlər ölkədə “illik milli müraciət yükü”nü formalaşdırır:
"Hər il yüz minlərlə müraciətin dövlət başçısına, milyonlarla sorğunun isə müxtəlif qurumlara daxil olması dövlət idarəçiliyinin real ictimai yükünü göstərir. Milli Məclisə də hər il on minlərlə müraciət daxil olur. Bu müraciətlər təkcə fərdi şikayətlərlə məhdudlaşmır, eyni zamanda sosial-iqtisadi təşəbbüslər, qanunvericilik təklifləri və ictimai əhəmiyyətli ideyaları da əhatə edir. Yeni Rəqəmsal Arxitektura ilə bağlı keçirilən müşavirələrdə Prezident İlham Əliyev bütün dövlət qurumlarının vahid elektron hökumət platformasında fəaliyyət göstərməsinin vacibliyini vurğulamışdır. Parçalanmış sistemlərin aradan qaldırılması məlumatların inteqrasiyası və dövlət siyasətinin effektivliyi üçün mühüm şərtdir".
Zahid Oruc diqqətə çatdırıb ki, “Vətəndaşların müraciətləri haqqında” qanuna təklif edilən dəyişikliklər dövlət-vətəndaş münasibətlərinin daha əlçatan, şəffaf və nəticəyönümlü olmasına xidmət edir. Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən müraciətlərin hüquqi əsaslarla rəsmiləşdirilməsi rəqəmsal idarəetməni daha da gücləndirir.
"Bu dəyişikliklərə əsasən vətəndaş artıq ayrı-ayrı qurumların saytlarını axtarmağa məcbur qalmır, vahid sistem vasitəsilə müraciət edə bilir. Bu isə həm vaxt itkisinin azalmasına, həm də dövlət xidmətlərinə əlçatanlığın artmasına səbəb olur".
Parlamentari vurğulayıb ki, maddə 6-da edilən dəyişikliklər vətəndaşın müraciət üsulunu seçmək hüququnun tanınması, FİN və VÖEN kimi identifikasiya məlumatlarının daxil edilməsi və elektron imza tələbləri ilə bağlıdır. Bu addımlar həm təhlükəsizlik, həm də şəffaflıq baxımından mühüm əhəmiyyət daşıyır.
O, eyni zamanda, vətəndaşların müraciət prosesində sadəlik prinsipinin qorunmasının vacibliyini nəzərə çatdıraraq bildirib k, xüsusilə yaşlı və rəqəmsal bacarıqları məhdud olan şəxslər üçün alternativ müraciət imkanları saxlanılmalıdır.
"Maddə 6.7 və 7.6-da edilən dəyişikliklər müraciətlərin cavablandırılma mexanizmini daha çevik və şəffaf edir. Vətəndaşın cavabın təqdim olunma formasını seçmək hüququ məmnunluq səviyyəsini artıran mühüm amildir. Maddə 8-də müraciətlərin baxılmamış saxlanılması hallarının dəqiqləşdirilməsi hüquqi müəyyənliyi gücləndirir və tətbiqdə yaranan qeyri-müəyyənlikləri aradan qaldırır.
11.4-cü maddəyə edilən dəyişikliklər isə vətəndaşların qəbula yazılma mexanizmini modernləşdirir. Artıq qəbula yazılma həm fiziki, həm də elektron qaydada – EHİS və ya rəsmi internet resurslar vasitəsilə həyata keçirilə bilir",- deyə deputat əlavə edib.
O, sonda qeyd edib ki, nəticə etibarilə, təklif olunan dəyişikliklər dövlət idarəçiliyində məsuliyyətin artırılması, vətəndaş məmnuniyyətinin yüksəldilməsi və müraciətlərin vahid platforma üzərindən idarə olunması baxımından mühüm addım hesab olunur.
Jalə Rövşən
tag: Zahid Oruc,Deputat,Xalq,Hakimiyyət,Todaypress.tv,
