Vüqar Bayramov: “Konstitusiya Azərbaycanın iqtisadi yüksəlişinin təməl daşıdır”

Siyasət

12.11.2025 15:51

“Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd olunur. Ölkəmizin əsas qanunu 30 il öncə — 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Dövlətçiliyimizin təşəkkülündə və hüquqi cəmiyyətin qurulmasında Ulu Öndərin müstəsna xidmətləri var".

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.


Deputat bildirib ki, Konstitusiyanın qəbulu Azərbaycanda həm siyasi, həm də iqtisadi sistemin formalaşmasında dönüş nöqtəsi olub:

“Konstitusiyanın qəbulundan sonra ölkəmizdə iqtisadi islahatlar dərinləşib, özəl sektorun davamlı inkişafı təmin edilib. Son 30 ildə Azərbaycanın dövlət büdcəsi 50 dəfə artıb. 1995-ci ildə adambaşına düşən ÜDM 300 dollar idisə, 2025-ci ildə bu göstərici 7,6 min dollara yüksəlib. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, son 30 ildə adambaşına ÜDM-in artım tempinə görə postsosialist məkanında ən böyük sıçrayışı Azərbaycan nümayiş etdirib.”

Parlamentari qeyd edib ki, Konstitusiyanın qəbul edilməsi mülkiyyət hüquqlarının qorunması və liberal iqtisadiyyatın inkişafı baxımından da həlledici addım olub:

“Əsas qanunumuzun təsiri ilə son 30 ildə Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Bu, hüquqi sabitlik və iqtisadi azadlıqların möhkəmlənməsi ilə birbaşa bağlıdır".

Deputat bildirib ki, bu gün artıq ölkənin bütün suveren ərazilərində vətəndaşların konstitusional hüquqları tam şəkildə qorunur:

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün ərazilərində konstitusional ədalət və hüquqi dövlət prinsipləri təmin olunub. Bu, tariximizdə yeni inkişaf mərhələsinin başlanğıcıdır".

Qiymət Mahir

tag: Azərbaycan ,Konstitusiya,Konstitusiya Günü,Ümummilli Lider Heydər Əliyev,Todaypress.tv,