Vüqar Bayramov: “Azərbaycan–Özbəkistan əməkdaşlığı strateji miqyasda genişlənir”
Siyasət
14.11.2025 15:25
“Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə vurğuladığı kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan formalaşdırır. Türk dövlətləri arasında münasibətlərin dərinləşməsi regionun geosiyasi çəkisini daha da artırıb”.
TodayPress TV xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, son illərdə Azərbaycan–Özbəkistan iqtisadi əməkdaşlığında müşahidə olunan sıçrayış da bu strateji inteqrasiyanın nəticəsidir.
“Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 3 dəfə artaraq 2024-cü ildə 252 milyon dollara çatıb. 2025-ci ilin yanvar-sentyabr aylarında isə bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına yüksəlib. Bu, cari ilin ilk 9 ayında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 27 faiz çox olması deməkdir. Görünən odur ki, illik artım tempi bu il də qorunub saxlanılacaq”.
Vüqar Bayramov bildirib ki, ticarətin yüksələn dinamikası tərəflərin strateji münasibətlərinin dərinliyini göstərən əsas meyarlardandır:
“Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının üzvləri kimi həm enerji, həm də qeyri-enerji sahələrində yeni əməkdaşlıq potensialına malikdirlər. Nəqliyyat, logistika, kənd təsərrüfatı və birgə sərmayə layihələrinin prioritetləşdirilməsi iqtisadi inteqrasiyanı daha da gücləndirir”.
O əlavə edib ki, iki ölkə humanitar əməkdaşlıqda da nümunəvi model formalaşdırıb:
“Özbəkistanın Füzuli şəhərində müasir standartlara uyğun orta məktəb inşa etməsi bunun bariz nümunəsidir. Dövlət başçılarının qarşılıqlı səfərləri isə münasibətlərin inkişafına xüsusi dinamizm verir”.
Deputat vurğulayıb ki, Türk dünyasında strateji yaxınlaşma bütövlükdə regionda yeni siyasi və iqtisadi nizam formalaşdırır:
“Türk dövlətləri arasında münasibətlər davamlı olaraq inkişaf edir və daha da dərinləşir. Azərbaycan–Özbəkistan tərəfdaşlığı isə bu prosesin ən uğurlu modellərindən biridir”.
Qiymət Mahir
tag: Azərbaycan , İlham Əliyev,Özbəkistan, Mərkəzi Asiya,Todaypress.tv,
