Ukrayna səfiri: “Buça tariximizin ən faciəli səhifələrindən biridir”
Siyasət
04.03.2026 18:39
“Buça tariximizin çox faciəli bir səhifəsidir”.
TodayPress TV xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Bakıda keçirilən “Buça” filminin nümayişi zamanı çıxışında deyib.
Səfir Buça şəhərində gördüklərindən söz açıb:
“Burdakı mənzərə müharibənin dəhşətlərini açıq şəkildə göstərirdi. Mən bir həmkarımdan soruşdum: niyə bu cəsədləri küçələrdən götürmürsünüz? O isə dedi ki, həmin cəsədlər rus işğalçıları tərəfindən minalanıb”.
Diplomat qeyd edib ki, Rusiya Ukraynaya qarşı başladığı müharibə zamanı çoxsaylı beynəlxalq cinayətlər törədib:
“Bu film isə Rusiyanın bizim suverenliyimizə, azadlığımıza və müstəqilliyimizə qarşı başladığı və Avropa ilə bütün dünya üçün ortaq faciəyə çevrilmiş bu hadisələrin bir hissəsini göstərəcək”.
Səfir çıxışı zamanı Ukraynaya göstərilən dəstəyə görə tərəfdaş ölkələrə təşəkkür edib:
“Polşa səfirliyinə böyük dəstəyə görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Çünki Polşa öz qapılarını vətəndaşlarımız üçün açdı. Təəssüf ki, biz müharibə səbəbindən ölkəmizi tərk etməyə məcbur olduq”.
Yuri Qusev Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı da xüsusi qeyd edib:
“Bütün tərəfdaşlarımıza, o cümlədən Azərbaycana da təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan həmin dəhşətli işğalın ilk günlərindən etibarən humanitar dəstək göstərdi və biz bunu çox yüksək qiymətləndiririk. Tariximizin bəlkə də ən qaranlıq dövründə uzadılan o qardaşlıq dəstəyini heç vaxt unutmayacağıq”.
Səfir vurğulayıb ki, Ukrayna xalqı mübarizəsini tərəfdaşları ilə birlikdə davam etdirəcək.
Diplomat əlavə edib ki, Ukrayna xalqı bütün şəhərlərinə qayıdacağı günü gözləyir və müharibənin faciələrindən bəhs edən yeni filmlərin də nümayişi planlaşdırılır:
“Mariupolda çox böyük faciə baş verib və biz yaxın zamanda başqa bir məşhur film – “Avdiivkaya 200 metr” haqqında da bir nümayiş təşkil edəcəyik. Bu da Ukraynanın, Avropanın və bütün dünyanın faciəsindən bəhs edir”.
Qiymət Mahir
tag: Ukrayna,Faciə,Film,Buça,Todaypress.tv,
