Rusiyada 20 ildə 24 min kənd xəritədən silinib
Rusiya Federasiyasının daxili demoqrafik və aqrar mənzərəsi ilə bağlı yayımlanan statistik göstəricilər ölkənin dərin sosial-iqtisadi böhran yaşadığını nümayiş etdirir. Məlumatlara əsasən, son 20 il ərzində Rusiyada 24 min kənd tamamilə boşalaraq xəritədən silinib.
Bu rəqəmin miqyasını daha aydın təsəvvür etmək üçün müqayisə aparmaq kifayətdir: bütün Azərbaycan ərazisində cəmi 4244 kənd mövcuddur. Yəni Rusiya son iki onillikdə Azərbaycanın ümumi kənd sayından təxminən 5,6 dəfə çox yaşayış məntəqəsini itirib.
Hazırda da Rusiyada təxminən 75 min yaşayış məntəqəsi yox olmaq təhlükəsi ilə üz-üzədir — həmin kəndlərin hər birində cəmi 1 ilə 25 nəfər arasında, əsasən yaşlı nəsildən ibarət əhali qalıb. Bununla paralel olaraq, ölkənin kənd təsərrüfatına yararlı torpaqlarının yarıdan çoxu — təxminən 50 faizindən artığı əkilmir və istifadəsiz qalır.
Analitiklərin fikrincə, öz nəhəng ərazisini idarə edə bilməyən, kəndləri boşalan və torpaqları baxımsız qalan Moskvanın daxili problemləri həll etmək resursları tükənib. Belə bir şəraitdə Kreml hakimiyyəti öz daxili tənəzzülünü pərdələmək və güc illüziyasını qorumaq üçün yeganə çıxış yolunu qonşu ölkələrin ərazilərini işğal etməkdə, xaricdə hərbi münaqişələr yaratmaqda görür.
İsmayıl Şahlı