İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir - FOTO
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib.
TodayPress TV xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin
çıxışı
-Hörmətli Sərdar Qurbanquliyeviç.
Hörmətli dövlət başçıları.
Əziz dostlar.
Əvvəlcə dəvətə və ənənəvi qonaqpərvərliyə görə Türkmənistan Prezidentinə təşəkkürümü
bildirirəm.
Yenidən qardaş Türkmənistanda, gözəl Avazada olmaqdan şadam.
Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət
formatının tamhüquqlu üzvü oldu. Bu tarixi qərarı yekdilliklə dəstəklədikləri
üçün bütün hörmətli həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Bu baxımdan
Türkmənistanın və şəxsən hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun
rolunu qeyd etmək istəyirəm. O, ötən ilin avqust ayında məhz burada - Avazada
Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etdi.
Son illərdə Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf
edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata
keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi
daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir.
Hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində
məscidin tikintisini xüsusi qeyd etmək istərdim. Keçən il onun təməlinin
qoyulmasında birlikdə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi
xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür.
Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün
xüsusi əhəmiyyətə malikdir. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb,
Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda
Manas adına məktəb inşa edib. Biz bu yardımı çox yüksək qiymətləndiririk.
Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti
xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli
səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir,
qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın
Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə
Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət
göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə
investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla
dollar məbləğindədir. Hesab edirəm ki, birgə layihələrin həyata keçirilməsi,
yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi
üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə
olunmalıdır. Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm
də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara
çıxmalıyıq.
Əməkdaşlığımızın əsas sahələrindən biri nəqliyyatdır. Xəzər dənizi ölkələrimiz
arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin
hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və
daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə
malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk.
Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və
avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi
vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik.
Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir.
Paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir və Xəzər dənizinin
dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Orta Dəhliz getdikcə
daha mühüm əhəmiyyət kəsb edir - keçən il bu marşrut üzrə tranzit yükdaşımaların
həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz
artıb.
Energetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur. Azərbaycan enerji
resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol
oynayır. Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və
bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı
olaraq genişlənir. Yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla
birgə iş aparırıq.
Hörmətli həmkarlar, əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə
energetika və nəqliyyat sahələrində birgə layihələrlə yekunlaşmır. Ölkələrimizdə
sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli,
Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının,
qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır.
Diqqətinizə görə təşəkkür edirəm.

