Bakıdan İrəvana “yaşıl işıq”: Yeni razılaşmanın detalları
Siyasət
28.01.2026 12:53
Ermənistan ilk dəfə olaraq qaz və bitumun Azərbaycan ərazisindən tranziti ilə bağlı Bakı ilə razılığa gəlib. Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, maye qaz və bitumun dəmir yolu ilə daşınması artıq mümkün olacaq və iş adamları bu fürsətdən yararlana biləcəklər.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin qurulması getdikcə daha institusional forma alacaq və daha çox sahələri əhatə edəcək.
![]()
O hesab edir ki, Azərbaycandan Ermənistana ixrac sülh və iqtisadi fayda gətirir:
"Heç şübhəsiz ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi tam imzalandıqdan sonra ixrac daha geniş vüsət alacaq. Azərbaycanın ixracat potensialı artır və sülhə gedən yol institutlaşır. Həm iki ölkə arasında etimadın yaradılmasına, həm də iqtisadi müstəvidə Ermənistan vətəndaşlarının faydalanmasına gətirib çıxarır".
Deputat vurğulayıb ki, etnik nifrət artıq iqtisadi əməkdaşlıqla əvəzlənir:
"Bu isə uzun illər Azərbaycana qarşı formalaşmış etnik nifrət hadisəsini iqtisadi əməkdaşlıq hadisəsi ilə dəyişməyə hesablanıb. Əgər regionumuzda, qonşumuz olan Ermənistan adında bir dövlət varsa və əgər biz onunla bütün problemlərimizi gücümüz-qüdrətimiz sayəsində həll etmişiksə, artıq sülh şəraitində yaşayış imkanlarını axtarmalıyıq ki, bunun üçün də Azərbaycanın bütün şərtləri hazırda paraflanmış sənəddə Ermənistan və Azərbaycan arasında öz əksini tapıb".
Parlamentari sonda diqqətə çatdırıb ki, bu addımlar Azərbaycanın liderliyini və sülhü möhkəmləndirir:
"Belə olan halda, əlbəttə ki, atılan addımlar sülhə xidmət edir, əməkdaşlığa xidmət edir və Azərbaycanın regionda həm iqtisadi, həm də siyasi kontekstdə hadisələrə və proseslərə nəzarət imkanlarını yaratmış olur. Ona görə də bu, iqtisadi asılılıqdan daha çox Azərbaycanın lider ölkə kimi Cənubi Qafqazda mümkün iqtisadi-siyasi prosesləri idarəetmə bacarığı kimi qiymətləndirilməlidir".
Jalə Rövşən
tag: Hikmət Babaoğlu,Deputat,Azərbaycan,Ermənistan,Todaypress.tv,
