Bakı buxtası ilə bağlı Tədbirlər Planı hazırlanacaq

Siyasət

27.01.2026 18:37

Nazirlər Kabinetində Baş nazirin sədrliyi ilə iclas keçirilib.

TodayPress TV xəbər verir ki, iclasda Bakı buxtasının (Dənizkənarı bulvarın) təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəniz suyunun çəkilməsi nəticəsində sahilə yaxın ərazilərdə üzə çıxmış metal konstruksiyaların kənarlaşdırılmasını nəzərdə tutan təxirəsalınmaz tədbirləri əhatə edən Tədbirlər Planının hazırlanması tapşırılıb.

Tədbirlər Planına həmçinin hövzəyə çirkab suların axıdılmasının qarşısının alınması, suyun səthində üzən neft ləkələri və müxtəlif tullantıların, eləcə də ətraf ərazilərdə neftlə çirklənmiş torpaqların təmizlənməsi daxildir.

Qeyd edək ki, iclas "Xəzər dənizində müxtəlif təyinatlı qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların, o cümlədən qəzalı vəziyyətdə olan və ləğv edilmiş quyuların təkrar ləğvi və izolyasiyası, estakadaların, yanalma körpülərinin, platformaların, habelə batmış və yarımbatmış gəmilərin çıxarılması və digər reabilitasiya işlərinin həyata keçirilməsinə dair 2025–2030-cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrası, həmçinin Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunub.

tag: Dənizkənarı bulvar,Bakı buxtası, Nazirlər Kabineti, Baş nazir,Todaypress.tv,